
2026-cı ilin ilk 6 ayında Azərbaycanda cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlarla 35 nikah dövlət qeydiyyatına alınıb.
Bu barədəƏdliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində isə məhkumlarla 113 nikah qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən, məhkumlarla və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikah cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının olduğu yer üzrə qeydiyyat şöbəsi tərəfindən qeydə alınır.
Qaydaya əsasən, nikah bağlamağı məhkum arzu edirsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onu müəyyən olunmuş forma üzrə nikah haqqında ərizə blankı ilə təmin edir. Məhkum ərizənin özünə aid hissəsini doldurduqdan sonra müəssisə rəhbərliyi ərizədə göstərilən məlumatları onun şəxsi işindəki sənədlərlə tutuşdurur, imzasını və məlumatların doğruluğunu cəzaçəkmə müəssisəsi rəisinin imzası və möhürü ilə təsdiqləyir.
Bundan sonra ərizə məhkumun nikaha daxil olmaq istədiyi şəxsə göndərilir. Həmin şəxs nikaha razı olduqda ərizənin özünə aid hissəsini dolduraraq qeydiyyat şöbəsinə şəxsən təqdim edir.
Nikah haqqında birgə ərizə qəbul edildikdən sonra qeydiyyat şöbəsi nikahın qeydiyyatı gününü və vaxtını cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə razılaşdıraraq müəyyən edir. Bu barədə nikah bağlayan şəxslərə, o cümlədən məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə əvvəlcədən məlumat verilir.
Məhkumla nikahın qeydiyyatı nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qeydiyyat şöbəsi ilə razılaşdıraraq müəyyən etdiyi yerdə həyata keçirilir.
Barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikah da eyni qaydada qeydə alınır. Bu halda nikahın qeydiyyat tarixi cinayət işi icraatında olan orqanla da razılaşdırılır.
Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən məhkumlarla, eləcə də barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınmasını digər tərəf arzu etdikdə də nikahın dövlət qeydiyyatı Qaydanın müvafiq müddəaları nəzərə alınmaqla ümumi qaydada həyata keçirilir.


