
Avqustun 1-dən kartdan-karta köçürmələrlə bağlı tətbiq olunan məhdudiyyətlərdən sonra sahibkarların ödənişləri hansı formada qəbul etməsi də müzakirə mövzularından birinə çevrilib. Çünki bəzi ticarət və iaşə obyektlərində, özəl klinika və digər xidmət sahələrində müştərilərə hələ də POS-terminal əvəzinə fiziki şəxsin bank kartına pul köçürmək təklif olunur. Halbuki sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan ödənişlərin rəsmi qaydada qeydə alınması həm vergi öhdəliklərinin yerinə yetirilməsi, həm də istehlakçının hüquqlarının qorunması baxımından vacibdir.
Mövzu ilə bağlıaçıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əlibala Məhərrəmzadə bildirib ki, avqustun 1-dən kartdan-karta köçürmələrə tətbiq edilən məhdudiyyətlər kölgə iqtisadiyyatının azaldılması və nağdsız ödənişlərin genişləndirilməsi baxımından düzgün addımdır.
Onun sözlərinə görə, hazırda bəzi özəl müəssisələrdə, ictimai iaşə obyektlərində, eləcə də tibb və səhiyyə müəssisələrində POS-terminal əvəzinə vətəndaşlardan kartdan-karta ödəniş tələb olunması vergi yığımına mənfi təsir göstərir:
"Hazırda bəzi özəl müəssisələrdə, ictimai iaşə obyektlərində, tibb və səhiyyə müəssisələrində POS-terminal vasitəsilə ödəniş qəbul etmək əvəzinə vətəndaşlardan kartdan-karta köçürmə tələb olunur. Bu isə vergi yığımına ziyan vuran amillərdən biridir. Vergi orqanlarının da tövsiyəsi ondan ibarətdir ki, vergi öhdəliyi yaradan bütün əməliyyatlar şəffaflığın təmin olunması üçün POS-terminal və ya bank hesabı vasitəsilə həyata keçirilməlidir. Bu sahədə müəyyən boşluqlar olduğuna görə kartdan-karta ödənişlər bir çox hallarda əməliyyatların daha çox qaranlıq müstəvidə aparılmasına şərait yaradır".
Deputat bildirib ki, tətbiq olunan məhdudiyyətlər sahibkarların rəsmi ödəniş sistemlərinə keçidini sürətləndirəcək:
"Biz kartdan-karta əməliyyatlarla bağlı tətbiq edilən məhdudiyyətləri dəstəkləyirik. Hesab edirik ki, bu, sahibkarların POS-terminal və digər rəsmi ödəniş kanallarından istifadəsini sürətləndirəcək. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə həm maarifləndirmə işi, həm də məsuliyyət tədbirləri daha da gücləndirilməlidir".
Əlibala Məhərrəmzadənin sözlərinə görə, ilk baxışda bu addımın iqtisadi fəallığa mənfi təsir göstərə biləcəyi düşünülsə də, əslində vəziyyət belə deyil:
"İlk baxışdan belə görünə bilər ki, bu məhdudiyyətlər iqtisadi fəaliyyət, şaxələnməyə mane olacaq. Amma mən belə hesab etmirəm. Bu, düzgün yanaşmadır. Çünki vətəndaşlar üçün kifayət qədər istisnalar nəzərdə tutulub. Kartdan-karta köçürmələr üzrə yüksək məbləğ həddi müəyyən edilib, yaxın qohumlar arasında aparılan ödənişlərə məhdudiyyət tətbiq edilmir, gün ərzində də bir neçə əməliyyat aparmaq mümkündür. Bu imkanlar sosial və gündəlik ödənişlər üçün tam kifayətdir".
Deputat hesab edir ki, ciddi məhdudiyyətlərin tətbiq olunmaması bu mexanizmin cəmiyyət üçün problem yaratmayacağını göstərir:
"Heç bir ciddi məhdudiyyət olmadığına görə düşünürəm ki, bu, kifayət qədər düzgün yanaşmadır. Gələcəkdə də bu mexanizmin bank sistemi və fiskal alətlər vasitəsilə daha da təkmilləşdirilməsi məqsədəuyğun olar".


