Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabir Rüstəmxanlı da Şah İsmayıl mübahisəsinə qoşuldu

Sabir Rüstəmxanlı da Şah İsmayıl mübahisəsinə qoşuldu

"Bəzi yoldaşlarım tariximiz, Səfəvi dövləti və Şah İsmayıl Xətai şəxsiyyəti ətrafında yenidən qızışan mübahisələrə niyə münasibət bildirməməyimlə maraqlanırlar. Yəni, tariximizin bu son dərəcə parlaq dövrü yenidən tarixi kontekstdən və şərtlərdən uzaq, milli və dövlət maraqlarımıza ziyan vuran, lazımsız bir şəkildə müzakirə olunursa, sən niyə susursan? Haqlı sualdır".

Bunu Xalq şairi, sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.

Xalq şairi təəssüflə deyib ki, Xətai ilə bağlı mübahisələr normal dialoq mədəniyyətindən uzaqdır, hörmətsizlik, milli əxlaqımıza yaraşmayan təhqir və böhtanlarla doludur.

"Belə şəraitdə nə danışasan? İkincisi, az qala bütün publisistika kitablarımda bu gün müzakirə olunan məsələlərə münasibətim var. Yəni çox yazmışam bu haqda. Bununla bağlı teledebatlara da qatılmışam. Bundan əlavə və ən əsası “Millj taleyimiz və biz” (2018-ci il) və “Vətəndaşlığın əlifbası”(2022-ci il) adlı iki kitabım var ki, birincisi bütövlüklə, ikincisinin böyük bir hissəsi bizim tarixə yanaşma probleminə həsr olunib.

Birinci kitab bu gün sosial mediada gah öyülən, gah döyülən Güntay Tölgeye cavab vermək ehtiyacından doğulmuşdu.(12 məktub).

Mətbuatda bu kitab "müəllifin Güntay Gəncalp Bayandırlı (Güntay Tölge) və Saleh Məhmətlə apardığı məktublaşmaları, milli kimlik, tarixi yaddaş və türk dünyasının taleyi ilə bağlı dərin düşüncələrini ehtiva edən publisistik-fəlsəfi əsər”; “Azərbaycan xalqının tarixi keçmişi, milli oyanış prosesləri, dil, etnik və mənəvi dəyərlər, həmçinin çağdaş türk dünyasının qarşılaşdığı problemlərim müzakirə olunurduğu kitab” kimi təqdim olunmuşdu. Maraqlananlar tapıb oxuya bilərlər.

Yazdıqlarımı təkrar etmək istəmirəm. Sosial mediadakı düşüncələr, qarşılıqlı ittihamlar getdikcə durulur. Tarix bitmiş bir kitabdır, onu dəfələrlə oxumaq olar, amma bir sözünü də dəyişdirmək mümkün deyildir. Onu inkar edib gələcəyi qurmaq olmaz. Bununla uğraşmaqdansa tarixi dərindən öyrənib onun səhvlərini təkrar etməyək".

S.Rüstəmxanlı Xətai ilə bağlı mübahisələrə vacib bir əlavə də edib:

"Şah İsmayılı və Səfəvi dövlətini Azərbaycandan qoparıb İrana bağışlamaq, Şah İsmayılın türk kimliyini, Səfəvi dövlətinin türk dövləti olmasını inkar edənlər, nə niyyət güdürlər güdsünlər, əslində böyük yanlışlığa yol vermirlər, çünki İran deyilən ərazi səlcuqlardan başlayaraq min il elə türk yurdu olub. İran demək - burada qədimdən kök atmış türk uluslarının, o cümlədən, Azərbaycan türklərinin vətəni demək idi. İran - Persiya və ya Farsistan deyildir. Fars varlığı yalnız qismən saray yazışmalarında və ədəbiyyatda qalırdı. İran o ərazidə yaşayan bütün xalqların vətəni olsa da, daha çox və bütövlükdə türklərə, Türk sülalə dövlətlərininə məxsus idi, onların vətəni, onların savaşıb qoruduqları, qurduqları doğma yurdlarıydı. Bizim eradan qabaq da bu ərazi İranla Turanın həm savaş, həm yanaşı yaşadıqları məkan olub. Yəni türkün ayağı İrandan heç vaxt üzülməyib. “Türklərin İranı” deyimi çox dəqiqdir. Azərbaycan nə qədər qədim olsa da, dünya və Avropa tarıxçılləri Hind-Avropa təəssübkeşliyi ilə daim Persiya adını irəli çıxarıblar. Azərbaycan bəzən İranın bütün ərazisini, bəzən də bir hissəsini bildirib, türklərin daha sıx yaşadığı ölkə olub. Bunu qədim İslam mənbələri də təsdiq edir.
İran türkləri bu günə qədər fəxrlə “iranlıyam” deyirlər, haqlıdırlar, çünki İran farslardan çox onlarındır. Buna görə də İran adından imtina etmirlər. “İranlıyam” demək türklüyü inkar və ya fars olmaq anlamına gəlməz".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də