
Mövzu ilə bağlıdanışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, deputat Göydəniz Qəhrəmanov bildirib ki, Naxçıvanın zəngin tarixi, təbiəti və müalicəvi resursları muxtar respublikanı Azərbaycanın ən perspektivli turizm istiqamətlərindən birinə çevirə bilər.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvana son səfəri çərçivəsində turizm infrastrukturunun inkişafına yönələn addımlar da bunun göstəricisidir:
"Naxçıvan çox geniş turizm potensialına malikdir. Qədim tarixi, zəngin mədəni irsi, milli mətbəxi və qonaqpərvər insanları bu bölgəni turistlər üçün cəlbedici məkana çevirir. Cənab Prezidentin Naxçıvana səfəri çərçivəsində yeni beşulduzlu otelin təməlinin qoyulması da göstərir ki, dövlət başçısı turizm sahəsini prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayır və bu sahənin inkişafına xüsusi önəm verir".
Deputat qeyd edib ki, dövlət dəstəyi turizm infrastrukturunun güclənməsinə, turistlərin rahat və təhlükəsiz şəkildə səfər etməsinə, həmçinin yeni iş yerlərinin açılmasına mühüm töhfə verir:
"Turizm sahəsinə göstərilən diqqət turistlərin daha rahat səfər etməsinə, təhlükəsizliyin təmin olunmasına və yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edir. Bu istiqamət ölkə başçısının daim diqqət mərkəzindədir".
Göydəniz Qəhrəmanov Naxçıvanın sağlamlıq turizm imkanlarını da xüsusi vurğulayıb:
"Naxçıvanın tibbi və müalicəvi turizm sahəsində də böyük potensialı var. Duzdağ mağarası dünyanın müxtəlif ölkələrindən gələn insanların üz tutduğu müalicə mərkəzlərindən biridir. Burada insanlar şəfa tapır. Ümumilikdə isə bölgənin təmiz havası bir çox xəstəliklərin profilaktikası və müalicəsi baxımından əlverişli hesab olunur".
Deputatın fikrincə, Zəngəzur dəhlizinin açılması Naxçıvanın turizm potensialını daha da artıracaq:
"Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra bu istiqamətə gələn turistlərin sayında ciddi artım müşahidə oluna bilər. Bu isə Naxçıvanın regionun aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi üçün böyük imkanlar yaradacaq".


