Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tibb Universitetində təhsil haqları aşağı salındı - Yeni QİYMƏTLƏR

Tibb Universitetində təhsil haqları aşağı salındı - Yeni QİYMƏTLƏR

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə IV ixtisas qrupunda təhsil haqları və plan yerləri məlum olub.

 “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, Azərbaycan Tibb Universitetində IV ixtisas qrupu üzrə illik təhsil haqqı 4500-5000 manat arasında dəyişir.

Tibb ixtisası üzrə illik təhsil haqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə 4500 manat müəyyənləşdirilib.

Bu göstəricilər ötən tədris ili ilə müqayisədə təhsil haqlarının azaldığını göstərir. Belə ki, 2025/2026-cı tədris ilində Tibb ixtisasının illik təhsil haqqı 6500 manat olduğu halda, 2026/2027-ci tədris ili üçün 5000 manat müəyyənləşdirilib. Beləliklə, bu ixtisas üzrə illik təhsil haqqı 1500 manat azalıb.

Stomatologiya ixtisasında ötən il 6000 manat olan illik təhsil haqqı bu il 4500 manata endirilib. Bu ixtisas üzrə də ödəniş 1500 manat azalıb.

Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə ötən il 5000 manat olan illik təhsil haqqı 2026/2027-ci tədris ili üçün 4500 manat müəyyənləşdirilib. Bu ixtisaslarda təhsil haqqı ötən illə müqayisədə 500 manat azalıb.

Beləliklə, ATU-da ötən il 5000-6500 manat arasında dəyişən illik təhsil haqları yeni tədris ili üçün 4500-5000 manat arasında müəyyənləşdirilib.

Plan yerlərinə gəlincə, Azərbaycan bölməsində Tibb ixtisasına 520, Stomatologiyaya 75, Əczaçılığa 60, İctimai səhiyyəyə 60, Tibb bacısı (qardaşı) işinə 60, Fizioterapiyaya 40 yer ayrılıb.

Bundan əlavə, tədrisi ingilis dilində Tibb ixtisası üzrə 15 plan yeri nəzərdə tutulub və illik təhsil haqqı 5000 manatdır.

Rus bölməsində isə Tibb ixtisasına 65, Stomatologiyaya 25, Əczaçılığa 20, İctimai səhiyyəyə 20 plan yeri ayrılıb.

Qarabağ Universitetində isə IV qrup üzrə təhsil dövlət sifarişi əsasında həyata keçirilir.

Universitetdə Biologiya müəllimliyi üzrə 30, Kimya müəllimliyi üzrə 30, Psixologiya üzrə 30, Əczaçılıq üzrə 24, Tibb bacısı (qardaşı) işi üzrə 36, Stomatologiya üzrə 24, Tibb ixtisası üzrə isə 72 plan yeri ayrılıb.

Beləliklə, Qarabağ Universitetində şəkildə təqdim olunan IV qrup ixtisasları üzrə ümumilikdə 246 plan yeri nəzərdə tutulub və bütün yerlər dövlət sifarişlidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də