Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sərnişinlərə VACİB XƏBƏR

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına dair yeni qaydaları təsdiqləyib. Yeni qaydalar daşıyıcılara göstərdikləri xidmətin dəyəri ilə sərnişinlərdən toplanan gedişhaqqı arasında yaranan fərqin subsidiya hesabına qarşılanmasını nəzərdə tutur.

Bəs bu mexanizm ictimai nəqliyyatın keyfiyyətinə, gedişhaqlarına və daşıyıcıların fəaliyyətinə necə təsir edəcək? Daşıyıcılara subsidiya verilməsi sərnişinlər üçün hansı üstünlükləri yarada bilər?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında yeni mexanizmin həm sərnişinlər, həm də daşıyıcı şirkətlər baxımından müsbət nəticələr verə biləcəyini bildirib:

"Sadə dildə desək, mexanizm belədir: dövlət daşıyıcı şirkətləri subsidiyalaşdırır, maliyyələşdirir və bunun müqabilində daşıyıcı şirkətlərdən keyfiyyətli, təhlükəsiz və rahat xidmət tələb edir. Artıq daşıyıcı şirkətlər hansı marşrutda sərnişin sayının az və ya çox olmasından asılı olmayaraq, həmin marşrutda keyfiyyətli xidməti təmin etməyə borcludurlar.

Köhnə avtobusların olduğu marşrutlara bu subsidiyalar ayrılmayacaq. Bugünkü müasir tələblərə cavab verən, ekoloji cəhətdən təmiz, rahat və təhlükəsiz nəqliyyat vasitələrinin olduğu marşrutlara subsidiyalar ayrılacaq. Bu da daşıyıcı şirkətləri həvəsləndirəcək, stimullaşdıracaq ki, onlar marşrutlarda olan avtobusları yeniləsinlər".

Mütəxəssis sərnişinlər üçün müsbət tərəflərdən də danışıb. Onun sözlərinə görə, yeni mexanizm nəticəsində avtobus xidmətlərinin daha sabit olması gözlənilir:

"Sərnişinlər üçün müsbət tərəflərdən danışdıqda isə onu demək lazımdır ki, daha sabit avtobus xidməti olacaq. Əvvəllər sərnişin sayı az olan marşrutlarda işləmək daşıyıcı şirkətlər üçün o qədər də sərfəli deyildisə, indi reyslər daha stabil olacaq. Sərnişin sayından asılı olmayaraq, daşıyıcı şirkətlər maraqlı olacaqlar ki, subsidiya verilən marşrutlarda işləsinlər və eyni zamanda sərnişinləri vaxtlı-vaxtında bir nöqtədən digər nöqtəyə çatdıra bilsinlər".

Nəqliyyat ekspertinin sözlərinə görə, yeni mexanizmin daşıyıcı şirkətlər üçün də mühüm üstünlükləri var. O qeyd edib ki, subsidiya mexanizmi şirkətlərin maliyyə sabitliyinə müsbət təsir göstərə bilər.

"Daşıyıcı şirkətlər üçün bunun müsbət tərəflərindən biri də maliyyə sabitliyinin yaranmasıdır", - deyə Eldəniz Cəfərov əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də