Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransa kəşfiyyatının Bakı fiaskosu - Daha bir MƏHKƏMƏ bitdi

Bakı Apelyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə Fransaya casusluqda ittiham olunan Martin Ryanın şikayətinə baxılıb. Onunla yanaşı dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində də apelyasiya şikayəti araşdırılıb.

Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) uğurlu xüsusi əməliyyatı nəticəsində həbs edilən "Merkorama" MMC-nin baş direktoru, 36 yaşlı Fransa vətəndaşı Martin Ryan və onunla əlbir olan Azərbaycan vətəndaşı Azad Məmmədli barəsindəki cinayət işinin təfərrüatları Parisin Bakıdakı agentura şəbəkəsinin iç üzünü tam çılpaqlığı ilə ortaya qoyur.

Fransada Monpelye Universitetini “Beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə bitirən Martin Ryan Azərbaycanda sahibkarlıqla məşğul olur, Fransadan ölkəmizə şərab idxalını təşkil edirdi. Lakin bu biznes fəaliyyəti onun Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) tərəfindən həyata keçirilən casusluq missiyası üçün sadəcə bir örtük rolu oynayırdı. Şəbəkəyə cəlb edilən digər müttəhim Azad Məmmədli isə peşəkar hüquqşünasdır. O, bakalavr təhsilini Rusiyanın nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) beynəlxalq hüquq fakültəsində alıb, magistr pilləsini isə Fransada bitirib. Bir neçə il Azərbaycan Beynəlxalq Bankında hüquqşünas işləyən Azad Məmmədli sonradan Böyük Britaniyaya köçüb. Bakıya qayıtdıqdan cəmi 2 ay sonra isə DTX əməliyyatçıları tərəfindən həbs edilib. İttihama görə, Martin Ryan casusluqda, Azad Məmmədli isə casusluq formasında dövlətə xəyanətdə suçlu bilinib.

Bu casusluq skandalının əks-sədası yalnız Bakı ilə məhdudlaşmayıb. Martin Ryanı məxfi əməkdaşlığa cəlb edən və sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulan DGSE əməkdaşlarının ifşası Fransa kəşfiyyatında dərin silkələnməyə səbəb olub. Bakıdakı geniş casus şəbəkəsinin tamamilə çökdürülməsi və ard-arda gələn xidməti uğursuzluqlardan sonra, 2023-cü il dekabrın 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye Yelisey sarayı tərəfindən tutduğu vəzifədən biabırçılıqla azad edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, hər iki şəxs DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də