Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının "səyyar soba" avtobusları – Orada sərnişinlər "əriyir" – VİDEO

Günorta saatlarıdır. Bakı asfaltı istidən buxar buraxır, günəş sanki şəhərin üstünə od ələyir. Belə bir havada avtobus dayanacağında toplaşan insanların yeganə ümidi qapısı açılan kimi sərin nəfəs alacaqları bir avtobusdur. Ancaq qapılar açılan kimi onları sərin hava yox, nəfəs almağı belə çətinləşdirən ağır, boğucu istilik qarşılayır.

Bakıda avtobus parkı son illər xeyli yenilənsə, marşrut xətlərinə müasir nəqliyyat vasitələri buraxılsa da, paytaxt küçələrində hələ də kondisionersiz avtobuslar hərəkət edir. Xüsusilə 50, 55, 64 və 36 nömrəli marşrutlarda sərnişinlər hər gün bu problemlə üz-üzə qalırlar.

"Yeni Müsavat"ın əməkdaşı da həmin marşrutlardan birində olub. Avtobusun salonunda hökm sürən mənzərəni bir sözlə ifadə etmək mümkündür – səyyar soba. Dəmir gövdə günəşin altında köz kimi qızıb. Pəncərələr açıq olsa da, içəri dolan isti külək sərnişinləri nəinki rahatladır, əksinə, nəfəs almağı daha da çətinləşdirir.

avtobas.jpg (172 KB)


Sürücü çıxış yolunu avtobusun qapılarını açıq saxlamaqda görür. O da anlayır ki, kondisioner işləməyən avtobusda başqa çarə yoxdur. Lakin bu da problemi həll etmir. Avtobus hərəkətdə olarkən açıq qapılar bir tərəfdən təhlükə yaradır, digər tərəfdən isə sərnişinlərin narazılığını azaltmağa kifayət etmir.

Salonun içində hər kəs istidən özünə sığınacaq axtarır. Kimi günəş şüalarının düşmədiyi tərəfə keçir, kimi pəncərənin yanında dayanmağa çalışır, kimi isə "başqa əlacım yoxdur" deyərək qızmar istinin altında ayaqüstə yol gedir. Yaşlılar, azyaşlı uşaqlar, hamilə qadınlar və səhhətində problemi olanlar üçün bu mənzərə xüsusilə ağırdır.

İstilikdən əlavə, avtobusların köhnəliyi və natəmiz vəziyyəti də diqqətdən yayınmır. Elə bil müasir şəhər avtobusu yox, illərin yorğunluğunu daşıyan köhnə bir buxar maşınıdır.

Ən çətin vəziyyətdə qalanlardan biri də sürücülərdir. Kondisionersiz salonda saatlarla sükan arxasında işləməyə məcbur olan sürücülər sərnişinlərlə eyni istini yaşayırlar. Lakin sərnişinlərin narazılığı çox vaxt onlara yönəlir. Halbuki kondisionerin işləməməsi sürücünün deyil, avtobusun istismarına cavabdeh qurumun məsuliyyətidir. Belə mübahisələr sürücünün diqqətini yayındırır, bu isə həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün əlavə risk yaradır.

Paytaxt sakinləri haqlı olaraq sual edirlər: Bakıya yeni avtobuslar gətirildiyi halda, kondisionersiz marşrutlar niyə hələ də istismardadır? Bu problem nə vaxt aradan qaldırılacaq? Yayın ən isti günlərində sərnişinlər daha nə qədər "səyyar soba"ya çevrilmiş avtobuslarda yol getməyə məcbur qalacaqlar?

Bu sualların cavabı isə hələ də açıq qalır.

Şahanə Rəhimli


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də