Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın valyuta gəlirlərini artacaq – Bakı və Tbilisidən mühüm razılaşma

Azərbaycanın valyuta gəlirlərini artacaq – Bakı və Tbilisidən mühüm razılaşma

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Gürcüstan və Azərbaycanın beynəlxalq avtomobil yükdaşımaları üçün rəqəmsal icazələrin verilməsi və mübadiləsi prosesinə uğurla başladığı barədə məlumat yayıb. Bildirilib ki, beynəlxalq yük daşımaları ilə məşğul olan gürcü daşıyıcıları, Türkiyədə olduğu kimi, Azərbaycanda da icazələrin elektron formatından istifadə edəcəklər. Oxşar yenilik 2026-cı ilin iyul ayının əvvəlində Türkiyədə də tətbiq edilib.

Bunun Azərbaycandan daşınan yüklərin həcminə və ölkəmizin büdcəsinə daxil olan vəsaitin həcmini artırıb-artırmayacağı maraq doğurur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ümumiyyətlə, idxal-ixrac əməliyyatlarının elektronlaşdırılması, məlumatların daha qısa müddətdə bölüşdürülməsi ölkə üzrə daşınan yüklərin həcminə təsir göstərir:

"Nəzərə alsaq ki, həm Orta Dəhlizin, həm də digər nəqliyyat dəhlizlərinin genişləndirilməsi həyata keçirilir. Digər tərəfdən, proseslərin elektronlaşması və vahid tariflərin müəyyənləşdirilməsi ilə bağlı hazırda Gürcüstan, Azərbaycan və Qazaxıstan vahid tarifin tətbiqi ilə bağlı razılığa gəlib. Yalnız Azərbaycanla Gürcüstan arasında deyil, Mərkəzi Asiya ölkələri arasında da ixrac-idxal, bütövlükdə gömrük xidmətlərinin elektronlaşdırılması prosesi sürətlə aparılır".

V.Bayramov vurğulayıb ki, yeni addım Azərbaycanın beynəlxalq yükdaşımalarından dövlət gəlirlərinin artmasına imkan yaradacaq:

"Praktiki olaraq, regionda yaranan yeni nizam, həm Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı başlanan işlər, Bakı-Tbilisi-Qarsın ötürmə-daşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması nəticə etibarilə region, eləcə də Azərbaycan üzərindən daha çox yüklərin daşınmasına imkan yaradacaq. Bu, təbii ki, Azərbaycanın valyuta gəlirlərinin artırılması anlamına gəlir. O baxımdan beynəlxalq yükdaşımalar, xüsusən də son dövrlər tətbiq edilən elektron xidmətlər və rəqəmsallaşma kontekstində Azərbaycanda qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevrilməkdədir. Bu, dövlət büdcəsinə, bütövlükdə ölkəyə daha çox valyutanın və vəsaitin daxil olmasına imkan yaradacaq".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də