Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda tamştatlı müəllim modeli tətbiq olunmağa başlayıb - Təfərrüatlar 

Azərbaycanda tamştatlı müəllim modeli tətbiq olunmağa başlayıb - Təfərrüatlar 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin pilot layihəsi çərçivəsində sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin təmayüllü məktəblərdə tamştatlı fəaliyyətə cəlb olunmasına başlanılıb. Layihə çərçivəsində yüksək nəticə göstərən şagirdlərin də həmin məktəblərə yönləndirilməsi nəzərdə tutulur.

Ceyhun Məmmədov bildirib ki, təhsil sahəsində yeni layihələr hazırlanarkən beynəlxalq təcrübə əsas götürülməlidir.

Onun sözlərinə görə, təqdim olunan modelin hansı beynəlxalq təcrübəyə söykəndiyi aydın deyil:

"Təəssüf ki, əksər hallarda bizdə beynəlxalq təcrübə nəzərə alınmır. Mən bu layihənin perspektivini görmürəm. Düşünürəm ki, bu, ciddi təhlilə əsaslanmayan yanaşmadır və təhsildə ayrı-seçkiliyə gətirib çıxara bilər".

Deputat hesab edir ki, sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin yalnız təmayüllü məktəblərdə fəaliyyət göstərməsi və yüksək nəticə göstərən şagirdlərin həmin məktəblərdə cəmləşdirilməsi düzgün yanaşma deyil.

"Bir rayonda yüz minlərlə insan yaşayır. Siz 300-500 şagirdi bir məktəbdə toplamaqla həmin rayonun təhsilini yüksəldə bilməzsiniz. Bəs digər məktəblər və orada oxuyan şagirdlər necə olacaq?" – deyə o bildirib.

C.Məmmədovun fikrincə, bu model ali məktəblərdə tətbiq olunan "SABAH" qruplarının məktəblərdə fərqli formada tətbiqinə bənzəyir. O hesab edir ki, layihənin nəticələrini zaman göstərəcək, lakin hazırkı yanaşma uğurlu görünmür.

Deputat vurğulayıb ki, əsas məqsəd bir neçə təmayüllü məktəbin deyil, ölkədəki bütün ümumtəhsil məktəblərinin keyfiyyətini yüksəltmək olmalıdır.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Hikmət Əlizadə isə qeyd edib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin pilot layihəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununa əsasən ümumi təhsil ibtidai, ümumi orta və tam orta təhsil pillələrindən ibarətdir və tam orta təhsil mərhələsində təmayülləşmə xüsusi əhəmiyyət daşıyır.

"Hazırda təhsil sisteminin əsas məqsədi yaradıcı düşünən şəxsiyyət formalaşdırmaqdır. Bu baxımdan tam orta təhsil pilləsində təmayül siniflərinin fəaliyyəti daha uğurlu model hesab olunur. Təmayül sinifləri şagirdlərin maraq və qabiliyyətlərinə uyğun inkişaf etməsinə, motivasiyasının artmasına və müasir təlim texnologiyalarının daha səmərəli tətbiqinə şərait yaradır", – deyə o qeyd edib.

H.Əlizadə bildirib ki, dünya təcrübəsində təmayüllü məktəblər uzun illərdir tətbiq olunur və şagirdlərin yaradıcılıq potensialının inkişafında mühüm rol oynayır. Azərbaycanda da sovet dövründə fizika-riyaziyyat, kimya-biologiya və incəsənət təmayüllü məktəblər fəaliyyət göstərib, müstəqillikdən sonra isə bu istiqaməti liseylər davam etdirib.

İctimai Şuranın sədri hesab edir ki, liseylərin uğurunun əsas səbəblərindən biri eyni maraq və qabiliyyətə malik şagirdlərin bir mühitdə təhsil almasıdır. Bu isə interaktiv təlim metodlarının tətbiqini asanlaşdırır və yaradıcı təfəkkürün inkişafı üçün daha əlverişli şərait yaradır.

H.Əlizadənin sözlərinə görə, son illərdə ümumtəhsil məktəblərində də təmayül siniflərinin yaradılması müsbət nəticələr verib. Bununla belə, gözlənilən nəticələrə tam nail olmaq üçün şagirdlərin dərsdən sonrakı fəaliyyətinə müəllim nəzarətinin artırılmasına ehtiyac yaranıb.

"Özəl liseylərin uğurlarında müəllimlərin dərsdən sonra da şagirdlərlə işləməsi mühüm rol oynayır. Dərs zamanı proqram və vaxt məhdudiyyəti olur. Dərsdən sonrakı fəaliyyət isə şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün daha geniş imkanlar yaradır", – o vurğulayıb.

Hikmət Əlizadə qeyd edib ki, məhz bu səbəbdən pilot layihə çərçivəsində sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin təmayüllü məktəblərdə tamştatlı fəaliyyətə cəlb olunması qərara alınıb.

Onun fikrincə, sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərib və yüksək nəticə göstərən müəllimlərin belə layihələrə cəlb olunması təqdirəlayiq addımdır.

"Azərbaycan müəllimi hər zaman peşəkarlığı və fədakarlığı ilə seçilib. Sertifikatlaşdırmanın nəticələri də göstərir ki, müəllimlər öz peşəkar inkişaflarına daha məsuliyyətlə yanaşırlar. Hesab edirəm ki, yaxın bir-iki il ərzində yüksək peşəkarlığı ilə seçilən müəllimlərin sayı daha da artacaq", – deyə o bildirib.

İctimai Şuranın sədri hesab edir ki, pilot layihə uğurlu olacağı təqdirdə, istedadlı şagirdlərin üzə çıxarılması, onların koqnitiv və kreativ bacarıqlarının inkişafı istiqamətində məktəblər üçün yeni mərhələnin başlanğıcı ola bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də