Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI

Sumqayıtda yerləşən “Levent 2” yaşayış kompleksinin birinci mərtəbəsində yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan məkanın açılması sakinlərin narazılığına səbəb olub.

“Baku TV”yə danışan bina sakinləri bildiriblər ki, yaşayış binasında yas mərasimlərinin keçirilməsi, xüsusilə də ağlaşma və izdihamın olması övladlarının psixologiyasına mənfi təsir göstərə bilər. Sakinlərdən biri deyib:

“Bütün günü qadınlar ağlayacaq, molla danışacaq. Bizə burada sakitlik yoxdur. Bir tərəfdə stadiona futbol azarkeşləri gəlir, bir tərəfdə bulvara turistlər axışır, ortada isə mərasim evi fəaliyyət göstərəcək...”

Obyekt sahibi Namiq Dövlətov isə sakinlərin narazılığına cavab olaraq bildirib ki, mərasimlər zamanı heç bir ağlaşma olmayacaq.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Aparıcı və tamada Nazilə Səfərli mövzu ilə bağlı sərt mövqe sərgiləyərək bildirib ki, yas mərasimləri xüsusi məkanlarda deyil, mərhumun evində keçirilməlidir: 

“Bina sakinləri haqlıdırlar, dediklərində məntiq var. Mən normal yaşayış binasında yaşayıramsa, niyə hər dəfə qapımdan çıxanda qarayaylıqlı insanları görməli, yas ab-havasını yaşamalıyam? Bu, doğrudan da düşündürücü məsələdir. Mərasim evinin sahibi deyir ki, burada ağlaşma olmayacaq. Elə bil gözəllik salonudur. Ağlaşmasız yas olar? İnsan hissini, duyğusunu necə gizlədə bilər? Əslində yas mərasimi mərhumun evində olmalıdır. Yas elə bir hadisədir ki, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Bu yaxınlarda çox əziz bir insan vəfat etmişdi. Hamı onun üçün göz yaşı tökürdü. Amma biz gedib ailəyə başsağlığını restoranda verdik. Heç qapısını da tanımadıq. Niyə öz qapınızı xalqa tanıtmırsınız? Adambaşı 17-25 manat arasında yas menyusu sifariş etməkdənsə, öz həyətinizdə iki qazan qaynadın, halva qovurun, yasınızı evinizdə verin. Axı bunu etmirsiniz. Toyumu mən də restoranda etmişəm. Amma yas başqadır. Yas insanın öz qapısında olmalıdır. Sonradan anım mərasimi keçirərsiniz, bu başqa söhbətdir. Amma ilk yas mərasimi ailənin öz evində təşkil edilməlidir. Belə çıxır ki, hamının yası başqa binanın həyətindən çıxmalıdır. Axı niyə? Mənim yaşadığım binada uşaqlar var, ailələr yaşayır. Bu gün mənim evimdə nişan, toy ola bilər, yan tərəfdə isə qarayaylıqlı insanlar yas mərasiminə gəlib-gedəcək. Bu, həm mənəvi, həm də psixoloji baxımdan düzgün deyil".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də