Avstraliyada həyata keçirilən qeyri-adi layihə gələcək nəsillər üçün Yer kürəsinin iqlim tarixi və bəşəriyyətin fəaliyyəti ilə bağlı məlumatları qorumağı hədəfləyir.
Tasmaniya adasının qərb sahilində şəhər avtobusu ölçüsündə nəhəng polad monolit inşa olunacaq. Tərk edilmiş hava limanı ərazisində tikiləcək qurğunun 7,5 santimetr qalınlığında polad divarları olacaq və tikintisinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.
"Yer kürəsinin qara qutusu" adlandırılan bu qurğuda temperatur göstəriciləri, okean səviyyəsi, iqlim hesabatları, siyasi bəyanatlar və iqlim dəyişikliyi ilə bağlı digər mühüm məlumatlar saxlanılacaq. Layihə müəllifləri bildirirlər ki, bu, demək olar ki, məhv edilməsi mümkün olmayan avtonom məlumat daşıyıcısı olacaq.
Qurğunun adı aviasiyadakı "qara qutu" anlayışına istinad edir. Burada təyyarə Yer kürəsini, pilot isə bəşəriyyəti simvolizə edir.
Layihənin təşəbbüskarları hesab edirlər ki, bu obyekt gələcək sivilizasiyalar üçün zaman kapsulu rolunu oynayacaq və bugünkü iqlim böhranının miqyasını göstərəcək. Bəzi alimlər isə belə təşəbbüslərin insanları hərəkətə keçirməkdə yetərli olmayacağını düşünsələr də, layihə müəllifləri "təyyarə hələ də havadadır" mesajı ilə vəziyyəti dəyişməyin mümkün olduğunu vurğulayırlar.


