
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitindən sonra Avropa İttifaqı rəsmilərinə və bir sıra Avropa liderlərinə üzərində adları həkk olunmuş tapançalar və döyüş patronları hədiyyə edib.
"Politico" nəşrinin məlumatına görə, hədiyyə alanlar arasında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının prezidenti Antonio Koşta və digər Avropa liderləri də olub.
Məlumata əsasən, Antonio Koştanın təhlükəsizlik xidməti silahı dərhal ekspertiza üçün götürüb. Avropa rəsmilərinin sözlərinə görə, Belçikada odlu silah dövriyyəsi ilə bağlı sərt qanunvericilik səbəbindən Koşta və Ursula fon der Lyayenin bu hədiyyələri şəxsi qaydada saxlamaları ehtimalı azdır.
Böyük Britaniyanın Baş naziri Keir Starmer və Niderlandın Baş naziri Rob Yetten isə aldıqları tapançaları Türkiyədə saxlamaq qərarına gəliblər ki, onlar istifadəyə yararsız vəziyyətə salınsın. Niderland hökumətinin nümayəndəsi Rob Yettenə təqdim edilən silahın Ankaradakı səfirlikdə qaldığını təsdiqləyib.
Qeyd edək ki, NATO sammiti iyulun 7–8-də Ankaradakı Beştəpə Prezident Kompleksində keçirilib. Sammitdə alyansa üzv olan 32 ölkənin liderləri və digər dövlətlərin nümayəndə heyətləri iştirak ediblər. Avropa İttifaqını isə Antonio Koşta və Ursula fon der Lyayen təmsil ediblər.


