
Yeni Klinikada pediatrik kardiocərrahiyyə xidmətlərinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bunu jurnalistlərə açıqlamasında Yeni Klinikanın direktoru Zəhra Vəzirova deyib.
Direktor bildirib ki, Yeni Klinika multidissiplinar tibb müəssisəsi kimi ambulator xidmətlərdən başlayaraq müxtəlif cərrahi sahələr üzrə geniş spektrdə tibbi xidmətlər göstərir.
“Burada neyrocərrahiyyədən transplantasiyaya, kardiocərrahiyyəyə qədər demək olar ki, bütün istiqamətlər üzrə xidmətlər mövcuddur. Hazırda əsas prioritet layihələrimizdən biri pediatrik kardiocərrahiyyədir. Bu istiqamətdə intensiv iş aparırıq və artıq əməliyyatların sayını artırmışıq”, – deyə o qeyd edib.
Z.Vəzirovanın sözlərinə görə, uşaqlarda ürək əməliyyatlarının dövlət tibb müəssisələrində həyata keçirilməsi böyük əhəmiyyət daşıyır.
“Yalnız bu həftə ərzində üç pediatrik kardiocərrahiyyə əməliyyatı icra olunub. Bu əməliyyatların sayını daha da artırmağı planlaşdırırıq. Çünki belə xəstələrin sayı kifayət qədər çoxdur və bu sahəyə ehtiyac böyükdür”, – deyə direktor vurğulayıb.
O əlavə edib ki, Yeni Klinikanın üzərində çalışdığı daha iki mühüm layihə də var. Lakin həmin layihələrin detalları hələlik açıqlanmır və bu barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.


