
"Məshəti" filmi ətrafında yaranan müzakirələrlə gündəmə gələn, keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qaranın müəllifi və rejissoru olduğu "Xəzər üçün rekviyem" sənədli filmi beynəlxalq festivallardakı nümayişlərdən sonra Bakıda təqdim edilib.
Ötən gün Bakıda keçirilən nümayişində tanınmış sənət adamları, kinoşünaslar, ekoloqlarlar iştirak edib.
"Xəzər üçün rekviyem" Xəzər dənizinin nöqteyi-nəzərindən poetik üslubda ekranlaşdırılıb. Film dənizin yaddaşını, ekoloji faciəsini və təbiətin səssiz harayını bədii dillə tamaşaçıya çatdırır. Xəzərin sahillərinin tədricən quruması, balıqçı kəndlərinin yerini sənaye mənzərələrinin tutması, fabriklər, anbarlar və neft qurğularının birvaxtlar çiçəklənən ekosistemi əvəz etməsi ekran əsərinin əsas xəttini təşkil edir. Pirallahı adasının sakinləri dənizin yenidən geri qayıdacağı günü ümidlə gözləyirlər. Lakin dəniz çəkilsə də onun ruhu adanı heç vaxt tərk etmir.
Filmin ssenari müəllifləri Suad Gara və Almagul Menlibayevadır. Ekran əsərinin rejissoru Suad Gara, operatoru Alisa Tarelicheva, montaj rejissoru Rinat Bekchintayevdir. Filmin musiqisi italiyalı bəstəkar Eugenio Mazettoya məxsusdur. Prodüserlər Farah Piriye Coene və Zeitgeist19 platformasıdır.
Hazırda film nüfuzlu beynəlxalq tədbirlərdə nümayiş olunur. "Xəzər üçün rekviyem" Venesiya Biennalesi, Buxara Biennalesi və Milano Ocean Week çərçivəsində tamaşaçılara təqdim edilib. Eyni zamanda ekran əsəri Pianeta Mare Festivalında Gənc Münsiflər Heyətinin Mükafatına layiq görülərək beynəlxalq uğur qazanıb.
"Xəzər üçün rekviyem" təkcə ekoloji böhranın bədii salnaməsi deyil, həm də Xəzərin taleyinə, onun yaddaşına və gələcəyinə həsr olunmuş təsirli vizual rekviyemdir.


