
İran Xarici İşlər Nazirliyi ABŞ-ın gecə saatlarında endirdiyi zərbələrdən sonra bəyanat yayıb.
Bəyanatda bildirilir ki, İslamabad Anlaşma Memorandumu imzalandıqdan 20 gündən az vaxt keçməsinə baxmayaraq, iyunun 21-də verilmiş ümumi lisenziyanın ləğv edilməsi ABŞ-ın vicdansız, qeyri-ardıcıl və etibarsız siyasətinin növbəti sübutudur.
Qeyd olunub ki, ABŞ son 20 gün ərzində həm birbaşa, həm də İsrailin Livandakı hərəkətləri vasitəsilə memorandumun müxtəlif müddəalarını dəfələrlə pozub.
"İyunun 18-də Anlaşma Memorandumu imzalandıqdan sonra İran İslam Respublikası sənəd üzrə üzərinə götürdüyü öhdəlikləri vicdanla və tam həcmdə yerinə yetirmək üçün bütün səylərini göstərib. Lakin ABŞ administrasiyası əvvəlki kimi öz öhdəliklərini pozmaqla yanaşı, bu addımlarını əsassız bəhanələrlə əsaslandırmağa çalışıb", – bəyanatda vurğulanıb.
İran Xarici İşlər Nazirliyi ABŞ-ı razılaşmanın pozulmasının nəticələri barədə xəbərdar edərək bildirib ki, ölkənin milli maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri görəcək.
Çərşənbə axşamı ABŞ ordusu İrana qarşı bir sıra güclü hücumlar həyata keçirib. ABŞ Mərkəzi Komandanlığı bunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini bildirib.


