Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pensiya yaşına çatmadan ölənlər - Həkim deyir ki…

Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, pensiya yaşının mərhələli şəkildə artırıldığı dövrdə hər il on minlərlə insan pensiya yaşına çatmadan vəfat edib.

Azpolitika.info-nun DSK-nin məlumat bazası əsasında apardığı kiçik bir araşdırmaya görə, 2014–2024-cü illərdə Azərbaycanda 669 min 662 nəfər vəfat edib. Onlardan 357 min 762 nəfəri kişi, 311 min 900 nəfəri qadın olub. Eyni dövrdə 271 min 934 nəfər pensiya yaşına çatmadan vəfat edib. Bu isə o deməkdir ki, 2014-2024-cü illər ərzində hər 10 nəfərdən təxminən 4-ü pensiya yaşına çatmadan həyatını itirib.

İnsanların pensiya yaşına çatmadan vəfat etməsinin bir çox səbəbi var. Amma bu statistika narahat etməlidirmi? Həkimlər səbəbləri daha çox nə ilə izah edir?

Tanınmış professor, həkim-cərrah Müsavat.com-a bildirib ki, ekoloji amillər son illərdə bir çox xəstəliklərin yaranması və artmasında mühüm rol oynayır. Onun sözlərinə görə, xüsusilə COVID-19 pandemiyasından sonra ölüm hallarının artması diqqət çəkir:"Eyni zamanda, bədxassəli şişlər və digər onkoloji xəstəliklərin statistikasında da ciddi yüksəliş müşahidə olunur və bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada özünü göstərir".

Professor bildirib ki, pandemiyadan sonra autoimmun xəstəliklərin sayı da kəskin şəkildə artıb:"Xüsusilə qaraciyər və böyrəklərin autoimmun xəstəlikləri həyati təhlükə yaradır, bu orqanların fəaliyyətinin dayanmasına səbəb olur. Bundan əlavə, xroniki autoimmun və revmatik xəstəliklərin yayılması da artmaqdadır".

Adil Qeybullanın sözlərinə görə, erkən ölüm hallarının artmasına təsir edən amillər arasında yol-nəqliyyat hadisələri də mühüm yer tutur. O qeyd edib ki, Azərbaycanda hər il avtoqəzalarda çox sayda insan həyatını itirir və buna əsas səbəblər yüksək sürət, sürücülük mədəniyyətinin zəif olması və sürücülərin bir-birinə qarşı məsuliyyətsiz davranışıdır. Professorun fikrincə, texniki inkişafla yanaşı, texnogen fəlakətlər də ölüm statistikasına təsir göstərən amillər sırasındadır.

Həkim-cərrah hesab edir ki, insanların ömrünün uzanması üçün sağlam həyat tərzi əsas şərtdir. Onun sözlərinə görə, normal qidalanma və fiziki aktivlik vacib olduğu halda, cəmiyyətdə əksinə, həddindən artıq qida qəbulu və hərəkətsizlik üstünlük təşkil edir. Siqaret çəkmək, alkoqoldan sui-istifadə və oturaq həyat tərzi insanların ömrünü qısaldan əsas risk faktorlarındandır.

Adil Qeybulla vurğulayıb ki, problemi yalnız pensiya yaşı ilə əlaqələndirmək düzgün yanaşma deyil. Onun fikrincə, insan sağlamlığına diqqət yetirmirsə, pensiya yaşının 60, 63 və ya 65 olmasının ciddi fərqi yoxdur. Professor əlavə edib ki, cəmiyyətdə sağlam həyat vərdişləri formalaşdırılmalı, dövlət qurumları isə genofondun sağlamlaşdırılması istiqamətində kompleks tədbirlər planı hazırlamalı və bu sahəyə daha həssas yanaşmalıdırlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də