Regiontv.info Baş redaktor Elxan Əhmədov
Torpaq uğrunda ölən varsa vətəndir! Bu torpağın hər qarışında, yaxından-uzaqdan səslənən, hər “Qarabağ Azərbaycandır!” nidasında onların payı, onların haqqı var. Onlar bu torpağı Vətən edənlərdir! Vətənin ərazi bütövlüyü uğrunda vuruşan, vətən torpağı ilə bütövləşən, əbədiyyətə qovuşaraq, adlarını şanlı zəfər tariximizin səhifələrinə əbədi həkk edənlərdir. Fərqli simalar, fərqli tarixlər, fərqli adlar, adları naməlum olanlar... Gəncənin Şəhidlər Xiyabanında fəqli ömür yolu keçərək, eyni uca məqamda birləşənlərin uyuduğu yüzlərlər məzar var. Şəhidlərin uyuduğu bu Xiyaban Gəncə sakinlərinin and və ziyarət yeridir. Ömür paylarını Azərbaycanın ərazi bütövlüyünə, gələcək nəsillərin xoşbəxtliyinə bağışlayanların xatirəsinin əziz tutulması, əbədiləşdirilməsi xüsusi önəm kəsb edir. Şəhid ailələri də daim dövlətin diqqət mərkəzindədirlər.
Şəhid Rauf Əsgərovun dayısı Şəmistan Nağıyev deyir ki, Hacı Rauf həmişə vətənpərvərlik, dövlətçilik, mərdlik uğrunda mübarizə aparıb, son məqamda da şəhidlik zirvəsinə yüksəlib: “Hacı Raufun məzarı dövlət tərəfindən götürülüb. Onun ailəsi də daim diqqət mərkəzində saxlanılr. Göstərilən qayğıya görə dövlət başçısına öz minnətdarlığımızı bildiririk”.
Vətən Müharibəsi şəhidi İlqar Bürcəliyevin əmisi Anar Bürcəliyev də dövlətin diqqətini daim hiss ediklərini bildirir: “Dövlətimiz tərəfindən, xüsusi ilə Ali Baş Komandan və onun göstərişi ilə yerli icra hakimiyyəti tərəfindən diqqət, qayğı ilə əhatə olunmuşuq. Hər zaman biz şəhid ailələrinin yanında olublar. Hər zaman bizlərlə görüşürlər. Problemlərimizi, çətinliklərimizi dinləyirlər, lazım olanda onların həllində yaxından kömək edirlər”.
Şəhid Mirhüseyn Seyidzadənin anası Kifayət Seyidzadə deyir ki, dövlət nümayəndələri tez-tez onlara baş çəkirlər: “Çox sağ olsun dövlətimiz, Ali Baş Komandanımız, bizə xüsusi diqqət və qayğı göstərirlər. Bir şəhid anası olaraq deyə bilərəm ki, ümumiyyətlə, şəhidlərə çox böyük hörmət edilir. Mirhüseyn balam 3 medalla təltif olunub. Şəhidlərin üstü hamısı dövlət tərəfindən eyni qaydada götürülüb. Bu da təqdirəlayiqdir. Sağ olsunlar”.
Gəncənin Şəhidlər Xiyabanının ərazisi 1000 kvadrat metrə yaxındır. Burada uyuyanlardan 370-dən çoxu Birinci Qarabağ Müharibəsi, 120-yə qədəri isə Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalanlardır. Şəhid məzarlarından 49-u naməlumdur.
Şəhid məzarlarının hamısı dövlət tərəfindən götürülüb. Burada səliqə-səhmanın saxlanılması və məzarüstlərinin qorunmasına xüsusi nəzarət olunur.
Gəncə şəhər 4 saylı qəbiristanlığın müdiri Emil Bağırov bildirir ki, şəhid məzarlarının üstlərinin təmizlənməsi qəbiristanlıq işçiləri tərəfindən həyata keçirilir: “Hər gün şəhidlərin məzarlarına qulluq olunur və bu işlər mütamadi olaraq davam edilir. Şəhid məzarları təmizlənməklə yanaşı, məzarlıq işçiləri tərəfindən mühafizə də olunurlar”.
Birinci Qarabağ Müharibəsində Gəncədən itkin düşən şəxslərin adları da əbədiləşdirilib. Belə ki, Şəhidlər Xiyabanının girişində “Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə” xüsusi lövhə hazırlanıb. Burada 90-dan artıq şəxsin adı həkk olunub.