BƏƏ-nin aparıcı neft və qaz şirkəti olan “Emarat Petroleum Company PJSC” (Emarat), Ermənistanın İrəvan şəhərində ilk yanacaqdoldurma məntəqəsini açıb.

Açılış mərasimində BƏƏ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Nəriman Əl-Mulla, Emarat Direktorlar Şurasının sədr müavini və Trojan Construction Holding-in baş direktoru mühəndis Əhməd Əl-Şəmsi, Emarat-ın baş direktoru Burhan Əl-Haşemi, SIL Capital-ın İdarə Heyətinin sədri Eduard Sukiasyan, SIL Capital-ın icraçı direktoru Elizaveta Movsisyan və iki ölkənin enerji və biznes sektorlarının yüksək vəzifəli rəhbərləri və nümayəndələri iştirak edib.
Stansiyanın açılışı ötən il Emarat və Ermənistanın aparıcı şirkətlərindən biri olan SIL Capital-ın törəmə şirkəti olan MegaTrade arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsinin praktik nəticəsi sayılır.
Hazırda Ermənistanın Rusiyadan enerji asılılığı var. Lakin bu istiqamətdə addımlar atılır ki, asılılıq azalsın. Azərbaycan da neft məhsullarını bu ölkəyə ixrac etməyə başlayıb. İndi isə ərəblər bölgədə təsir imkanlarını artırır.
Ermənistanın Rusiyadan neft-qaz asılılığı azalacaqmı?
Deputat Vüqar İskəndərov Musavat.com-a bildirdi ki, BƏƏ-nin enerji nəhəngi Emarat şirkətinin Ermənistanda ilk yanacaqdoldurma məntəqəsini açması təkcə kommersiya layihəsi deyil, həm də regionun geoiqtisadi xəritəsində yeni mərhələnin başlanğıcıdır: “Uzun illərdir Ermənistanın enerji sektoru Rusiyanın nəzarətindədir. Ölkənin neft məhsulları bazarında əsas pay məhz Rusiya şirkətlərinə məxsusdur. Son dövrlər isə İrəvan enerji mənbələrini şaxələndirmək, bir mərkəzdən asılılığı azaltmaq və yeni tərəfdaşlar cəlb etmək istiqamətində ardıcıl addımlar atır”.

Vüqar İskəndərov qeyd etdi ki, BƏƏ-nin regionun enerji bazarına daxil olması təsadüfi deyil: “Körfəz ölkələri son illərdə Cənubi Qafqazı investisiya, logistika və enerji baxımından strateji məkan kimi qiymətləndirirlər. Ermənistanda “Emarat” brendinin fəaliyyətə başlaması da həmin siyasətin davamı hesab oluna bilər”.
Deputat vurğuladı ki, bu proses Rusiyanın Cənubi Qafqazdakı iqtisadi təsir imkanlarının tədricən zəifləməsinin növbəti əlamətlərindən biridir: “Ermənistan hələlik qısa müddətdə Rusiya enerjisindən tam imtina edə bilməz. Bunun üçün həm infrastruktur, həm də uzunmüddətli müqavilələr müəyyən məhdudiyyətlər yaradır. Lakin alternativ mənbələrin artması Moskvanın bazardakı dominant mövqeyini zəiflədə və qiymət siyasətinə təsir göstərə bilər. Azərbaycanın da Ermənistana neft məhsulları ixrac etməyə başlaması regionda yeni iqtisadi reallığın formalaşdığını göstərir. Bu, bir tərəfdən iqtisadi münasibətlərin normallaşmasına xidmət edir, digər tərəfdən isə Ermənistanın enerji təchizatını daha çoxşaxəli edir”.
“Bu gün Cənubi Qafqazda enerji yalnız iqtisadi məsələ deyil, həm də geosiyasi alətdir. Kim enerji bazarında mövqeyini gücləndirirsə, regionun siyasi və iqtisadi proseslərinə təsir imkanlarını da artırır. BƏƏ şirkətinin Ermənistana daxil olması məhz bu baxımdan diqqətlə izlənilməlidir”, – deyə deputat bildirdi.
Vüqar İskəndərov hesab edir ki, yaxın illərdə Ermənistan Rusiyadan enerji asılılığını tam aradan qaldırmasa da, bu asılılığın əhəmiyyətli dərəcədə azalması mümkündür: “Əgər alternativ tədarükçülərin sayı artacaq, yeni investisiyalar qoyulacaq və enerji bazarında rəqabət güclənəcəksə, İrəvanın seçim imkanları genişlənəcək. Bu isə Cənubi Qafqazın enerji balansında yeni güc mərkəzlərinin formalaşmasına səbəb ola bilər”.


