
Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen Azərbaycan və Ermənistana son səfərlərinin iqtisadi baxımdan fərqli mesajlar verib.
Bunu Milli Məclisin deputatı Tahir Mirkişili "Facebook" hesabında paylaşım edib.
Onun sözlərinə görə, Ursula fon der Lyayenin Bakıya səfərinin əsas iqtisadi mesajı Azərbaycanın Avropa İttifaqı üçün təkcə enerji mənbəyi deyil, həm də Avropa–Xəzər–Mərkəzi Asiya bağlantısının əsas dayaqlarından biri olmasıdır.
Tahir Mirkişili qeyd edib ki, Avropa İttifaqı "Peace through Connectivity" təşəbbüsü çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantılar üçün 200 milyon avroya qədər qrant ayıracağını, bunun isə 2 milyard avroya qədər dövlət və özəl investisiyanın cəlb edilməsinə imkan yaradacağını açıqlayıb. Potensial layihələr sırasında Naxçıvan dəmir yolu bağlantısı və Bakı Limanının inkişafı da yer alır.
Deputatın sözlərinə görə, İrəvana səfərin əsas iqtisadi mesajı isə Ermənistan iqtisadiyyatının şaxələndirilməsi, Rusiyadan iqtisadi asılılığın azaldılması və Avropa bazarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı olub.
Mirkişili bildirib ki, Avropa İttifaqı Ermənistana əlavə 18 milyon avro iqtisadi dəstək ayıracağını açıqlayıb. Bu vəsait daha əvvəl elan edilmiş 52 milyon avroluq dəstək paketinin son hissəsidir. Bundan başqa, Ermənistan ixracının təxminən 80 faizi üçün Aİ bazarına gömrüksüz çıxış mexanizmi təklif olunur.
Deputat hesab edir ki, bu iki səfər arasında əsas fərq Avropa İttifaqının Azərbaycana strateji tərəfdaş, enerji və nəqliyyat bağlantılarının əsas mərkəzi kimi yanaşması, Ermənistana isə iqtisadi dayanıqlığın artırılması və Rusiyadan asılılığın azaldılması istiqamətində dəstək göstərməsidir.


