
"Yuxularımı qaçıran yeganə təhlükə Rusiyadır".
Bunu NATO-nun Baş katibi Mark Rutte "Anadolu" agentliyinə müsahibəsi zamanı deyib.
Müxbirin "Bu gün Alyansın qarşılaşdığı ən böyük təhlükə nədir və NATO Baş katibi olaraq gecələr yuxunuzu qaçıran ən böyük narahatlıq hansıdır?" sualına cavab verən Mark Rutte rəsmi Moskvaya işarə edib:
"Adətən yatmağa çalışıram, lakin məni oyaq saxlayacaq bir mövzu varsa, o da Rusiyadır. Təəssüf ki, uzunmüddətli perspektivdə qarşı-qarşıya qaldığımız fundamental təhlükə Rusiyadır. Biz bunu Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə aydın şəkildə görürük. Rusiya Prezidenti Vladimir Putin bu müharibədə hər ay əksəriyyəti kişi olmaqla, öz vətəndaşlarından 35 min əsgərin öldürülməsini və ya ağır yaralanmasını gözə alır. Bu rəqəm bir tərəfdən Ukraynanın döyüş meydanında uğur qazandığını göstərir, digər tərəfdən isə bu toqquşmalarda həyatını itirən və ya ağır xəsarət alan əsgərlərin ailələri üçün necə böyük bir faciə olduğunu ortaya qoyur".
Mark Rutte Rusiyanın tək hərəkət etmədiyini və digər qlobal güclərlə tərəfdaşlıq qurduğunu vurğulayıb:
"Ən böyük təhlükənin Rusiya olduğunu deyə bilərəm, lakin Rusiya bu prosesdə Şimali Koreya, İran və Çinlə birlikdə hərəkət edir. Çin də öz hərbi potensialını sürətlə artırır və 2030-cu ilə qədər Pekinin 1000 nüvə başlığına sahib olacağı gözlənilir. Bu səbəbdən Çin məsələsində qətiyyən sadəlövh davranmamalıyıq. İran və Şimali Koreyanın da daxil olduğu bu "dördlük" daxilində uzunmüddətli strateji və fundamental təhlükə mənbəyi olaraq yenə də ilk sırada Rusiya qalmaqdadır".


