
İranın mərhum ali lideri ayətullah Əli Xamenei ilə vida mərasimlərinə hazırlıq davam edir.
WANA agentliyinin məlumatına görə, bir neçə gün ərzində Tehran, Qum, Məşhəd və İraqın bir sıra şəhərlərində keçiriləcək tədbirlərdə region ölkələrindən yüksək vəzifəli şəxslər və nümayəndə heyətləri iştirak edəcəklər.
Məlumata görə, gələn həftə Türkmənistan Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Tehrana gedəcəyi gözlənilir. Həmçinin, prezident Mixeil Kavelaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin də vida və dəfn mərasimlərində iştirak edəcəyi bildirilir.
Ermənistanın Baş naziri Nikol Paşinyan da matəm tədbirlərinə qatılmaq üçün İrana səfər etməyi planlaşdırır.
Məlumata görə, Qətər nümayəndə heyətinə böyük ehtimalla ölkənin əmiri rəhbərlik edəcək. Əgər onun proqramında dəyişiklik olarsa, nümayəndə heyətinə Qətərin baş naziri rəhbərlik edəcək.
Pakistan baş naziri Şahbaz Şərifin iyulun 3-də yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə İrana səfər edəcəyi gözlənilir.
Plana görə, Tehranda və Qumda keçiriləcək mərasimlərdən sonra Xameneinin nəşi İraqın dörd şəhərinə aparılacaq, daha sonra isə son dəfn üçün Məşhədə qaytarılacaq. Bu səbəbdən əvvəlcə İranda keçiriləcək mərasimlərə qatılmağı planlaşdıran bəzi xarici rəsmilər və zəvvarların İraqda keçiriləcək tədbirlərə qoşulmağa qərar verdiyi bildirilir.
İranın birinci vitse-prezidenti bəyan edib ki, xarici ölkələrdən yüksək səviyyəli qonaqlar və rəsmi nümayəndə heyətləri artıq cümə günündən etibarən ölkəyə gəlməyə başlayacaqlar. Onun sözlərinə görə, qonaqların qəbulu, mərasimlərdə iştirakı və İran rəsmiləri ilə ikitərəfli görüşlərinin təşkili üçün bütün zəruri tədbirlər görülüb.
Rəsmi proqram üzrə vətəndaşlar üçün Xamenei ilə vida mərasimi iyulun 4-də saat 06:00-da Tehrandakı İmam Xomeyni Musallası kompleksində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Dəfn namazının iyulun 5-i səhər qılınacağı bildirilir. Tehran, Qum və İraqdakı mərasimlərdən sonra mərhum liderin iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılması nəzərdə tutulur.


