Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Psixi xəstəlik diaqnozunu gizlətmək riskləri artırır - deputat

Psixi xəstəlik diaqnozunu gizlətmək riskləri artırır - deputat

Psixi xəstəlik diaqnozunun gizlədilməsi həm həmin şəxsin, həm də ətrafındakı insanların təhlükəsizliyi üçün ciddi risk yarada bilər.

Bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Nigar Məmmədova deyib.

Deputat bildirib ki, ailələr bəzən müxtəlif səbəblərdən şəxsin psixi sağlamlıq vəziyyəti ilə bağlı məlumatları gizlədir və ya təqdim olunan tibbi sənədlər həmin şəxsin real vəziyyətini tam əks etdirmir. Onun sözlərinə görə, qanunun məqsədi kimisə cəzalandırmaq deyil, bu cür risklərin qarşısını vaxtında almaqdır.

Nigar Məmmədova elektron sağlamlıq kartının tətbiqini mühüm addım adlandıraraq bildirib ki, bu sistem məlumat təhlükəsizliyini təmin etməklə yanaşı, tibb müəssisələri arasında operativ informasiya mübadiləsinə, düzgün diaqnostikaya və müalicənin davamlılığına şərait yaradacaq.

Deputat müalicədən imtinanın elektron qaydada qeydiyyata alınmasını da müsbət qiymətləndirib. O hesab edir ki, gələcəkdə təkcə imtina faktı deyil, bunun səbəbləri də qiymətləndirilməlidir.

Nigar Məmmədova çıxışında bir sıra təkliflər də səsləndirib. O, psixi sağlamlıq sahəsində çalışan həkimlərin peşəkar hazırlığının gücləndirilməsini, müalicədən sonra reabilitasiya və sosial reinteqrasiya xidmətlərinin genişləndirilməsini, eləcə də psixi xəstəliklə bağlı stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə işlərinin artırılmasını vacib sayıb.

Deputatın sözlərinə görə, xüsusilə valideynlərə izah edilməlidir ki, vaxtında həkimə müraciət etmək utanılacaq hal deyil, məsuliyyətli davranışdır. O vurğulayıb ki, xəstəliyin gizlədilməsi problemi həll etmir, əksinə, həm ailə, həm də cəmiyyət üçün riskləri artırır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də