Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xəstəxananı boşaltdıq, 30 dəqiqə sonra ermənilər vurdular - cərrahın xatirələri

Xəstəxananı boşaltdıq, 30 dəqiqə sonra ermənilər vurdular - cərrahın xatirələri

108 il əvvəl əsası qoyulan Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biri kimi ölkənin təhlükəsizliyinin və suverenliyinin təminatçısıdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə ön xətdə döyüşən hərbçilərlə yanaşı, onların həyatını xilas etmək üçün gecə-gündüz çalışan hərbi və mülki tibb işçilərinin də mühüm payı olub. 

Müharibə dövründə ən çox yaralı qəbul edən xəstəxanalardan biri də Füzuli Rayon Mərkəzi Xəstəxanası olub. 

Xəstəxanın müharibə dövründə direktoru olan Natiq Şükürovaçıqlamasında bildirib ki, döyüş əməliyyatları Füzuli istiqamətində başladığı üçün ilk yaralıların qəbul edildiyi əsas tibb müəssisələrindən biri məhz Füzuli Rayon Mərkəzi Xəstəxanası olub:

“44 günlük Vətən müharibəsi ərzində və ondan sonra da yaralıların qəbulu davam edirdi. Demək olar ki, 50 gündən artıq müddətdə fasiləsiz işlədik. Həmin dövrdə qəbul olunan hər bir yaralının taleyi ilə yaxından maraqlanır, onların vəziyyəti barədə birbaşa məlumat alırdım. Yaralıların qəbulu, ilkin tibbi yardımın göstərilməsi və sonrakı müalicə prosesinin təşkili bizim üzərimizə düşürdü”.

N.Şükürov qeyd edib ki, müharibənin ilk günlərində həm həkimlər, həm də tibb işçiləri böyük qürur və yüksək ruh yüksəkliyi ilə fəaliyyət göstəriblər:

“Biz işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparırdıq. Hamı anlayırdı ki, bu müharibə xalqımız üçün tarixi əhəmiyyət daşıyır. Artilleriya atəşlərinin düz ortasında fəaliyyət göstərirdik. Həm bizim, həm də qarşı tərəfin mərmilərinin səsi gecə-gündüz eşidilirdi. Belə bir vahiməli sitasiyaya baxmayaraq, heç kim geri çəkilməyi düşünmürdü. Hər kəs qələbəyə inanırdı”.

Həkim xatırladıb ki, müharibənin ilk günündə xəstəxana 90-a yaxın yaralı qəbul edib:

“Füzuli Rayon Mərkəzi Xəstəxanası kiçik müəssisə idi və cəmi 35-40 nəfərlik yerimiz vardı. Sentyabrın 27-də saat 15:00-a qədər artıq 38 yaralı qəbul etmişdik. Həmin gün səhiyyə naziri Oktay Şirəliyev mənə zəng edərək yeni tikilmiş xəstəxanaya köçməyi tapşırdı. Müharibə davam etdiyi halda həm yaralıları qəbul edir, həm də xəstəxananın köçürülməsini həyata keçirirdik. Bu, mülki xəstəxana üçün son dərəcə çətin proses idi”.

Onun sözlərinə görə, yaralıların yeni binaya köçürülməsindən cəmi 30-40 dəqiqə sonra köhnə xəstəxana Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulub:

“Əgər yaralılar və tibb personalı həmin binada qalsaydı, çox böyük faciə yaşana bilərdi. Bu, bizim üçün həm çətin, həm də taleyüklü anlardan biri idi”.

Natiq Şükürov bildirib ki, müharibə dövründə hava şəraitindən asılı olaraq gündə 200-350 yaralı qəbul olunurdu:

“Ən ağır vəziyyətdə olan yaralılara ilkin əməliyyatlar məhz Füzulidə aparılır, daha sonra onlar arxa cəbhədəki xəstəxanalara göndərilirdi. O günlərdə xalqla ordunun necə bir yumruq kimi birləşdiyini gördük. Kimin əlindən nə gəlirdisə, yardım edirdi. Yaralıların daşınmasında, onların xəstəxanaya çatdırılmasında hər kəs səfərbər olmuşdu”.

Həkim həmin günlərdən yadda qalan ən təsirli hadisələrdən birini də bölüşüb:

“Bir tibb bacımız yaralı əsgərin başını yuyurdu. Həmin an əsgərin anası içəri daxil oldu və gördü ki, onun övladına doğma balası kimi qayğı göstərilir. O an yaranan güvən hissini sözlə ifadə etmək çətindir. Həqiqətən də, hər bir yaralı bizim üçün öz balamız idi”.

N.Şükürovun sözlərinə görə, müharibə ərzində Füzuli Rayon Mərkəzi Xəstəxanasında 5 mindən çox yaralı qəbul olunub:

“Bu yaralılardan yalnız altısını xilas etmək mümkün olmadı. Onlar xəstəxanaya çatdırılana qədər çox qan itirmişdilər. Müharibənin genişlənməsi ilə məsafələr uzanırdı və bəzi hallarda vaxt amili həlledici olurdu. Buna baxmayaraq, həkimlərimiz və tibb personalımız gecə-gündüz çalışaraq minlərlə insanın həyatını xilas etməyə nail oldular”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də