
ABŞ-nin Hemptons bölgəsində fəaliyyət göstərən Alpha School özəl məktəbi müəllimlərin yerini süni intellektin aldığı yeni yay təhsil proqramına start verib.
Eksperimental proqram məktəbəqədər yaşlı uşaqlardan 9-cu sinfə qədər olan şagirdlər üçün nəzərdə tutulub.
Məlumata görə, proqram çərçivəsində şagirdlər günün ilk hissəsində riyaziyyat və oxu üzrə dərsləri süni intellekt əsaslı platformalar və tətbiqlər vasitəsilə keçirlər. Məktəb rəhbərliyi əsas akademik tədris blokunun təxminən iki saat davam etdiyini bildirir.
Günün ikinci yarısında isə tədris praktiki məşğələlərlə davam edir. Şagirdlər aşpazlar, idmançılar və müxtəlif sahələrin mütəxəssisləri ilə görüşərək maliyyə savadlılığı, ünsiyyət bacarıqları və komanda işi üzrə praktiki biliklər əldə edirlər.
Proqram çərçivəsində ənənəvi müəllimlər "mentor"larla əvəz olunub. Tədris prosesi hər bir şagird üçün fərdiləşdirilmiş süni intellekt sistemləri üzərində qurulub.
Məktəb bu yanaşmanı klassik təhsil modelinə alternativ kimi təqdim edir.
Qeyd edək ki, Alpha School-un Hemptons-da təşkil etdiyi yay proqramının həftəlik təhsil haqqı 4500 ABŞ dollarıdır.


