Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Narkomaniya ilə mübarizəni bütöv cəmiyyət dəstəkləməlidir - ÇAĞIRIŞ

Narkomaniya ilə mübarizəni bütöv cəmiyyət dəstəkləməlidir - ÇAĞIRIŞ

Narkomaniya müasir dövrdə yalnız səhiyyə sahəsini deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyini, sosial rifahını və gələcəyini təhdid edən ciddi problemlərdən biri olaraq qalır. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində ardıcıl tədbirlər və geniş tədbirlər görülür.

Sabah, yəni 26 İyun tarixində Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd ediləcək.

Maraqlıdır ki, dövlətin narkomaniyaya qarşı mübarizəsi hansı səviyyədədir? Daha hansı işlər görülməlidir?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, narkomaniyaya qarşı mübarizə hələ də effektli sayıla bilməz:

“Çünki cəmiyyətdə bu mübarizənin müəyyən şərtləri var ki, onlar bütövlükdə cəmiyyət tərəfindən dəstəklənməlidir. Bu problem təkcə dövlətin yaratdığı hansısa bir komissiyanın, yaxud da bir qurumun fəaliyyəti ilə aradan qaldırıla bilməz. Burada xarici təsirlər böyükdür, xüsusilə xarici ölkələrdən Azərbaycana narkotik vasitələrin ötürülməsi istiqamətində məqsədyönlü addımların atılmasına şahidik.

Bunun qarşısını almaq üçün olduqca sərt tədbirlərin görülməsinə və müəyyən çətinliklərin yaşanmasına şahidlik edirik. Ona görə də biz bu məsələdə daha çox maarifçilik işinin gücləndirilməsini effektli sayırıq”.

Komitə sədri vurğulayıb ki, digər tərəfdən gənclərin, xüsusilə də bu bəlaya yoluxmaması üçün həyat alternativlərinin çox olması və mədəni şəraitin formalaşdırılması vacibdir:

“Bu komponentin azlığı da narkomaniyanın yayılmasına öz təsirini göstərir. Yəni hansısa bir bölgədə məktəblərin lazımi keyfiyyətdə olmaması, musiqi məktəblərinin, mədəniyyət müəssisələrinin olmaması uşaqların erkən yaşlardan daha məsuliyyətli formalaşmasına və sağlamlıq imkanları baxımından daha fərqli bir yol seçməsinə mane olur. Məsələn, idman kompleksləri o dərəcədə əlçatan və pulsuz olmalıdır ki, uşaqlar orada özlərini müəyyən dərəcədə sınaqdan çıxara bilsinlər, daha çox narkotik istifadə edən çevrələrə gedib bulaşmasınlar.

Ona görə də burada müalicə müəssisələrinin də rolu böyükdür. Bizdə bu müalicə müəssisələrinin müəyyən qıtlığı müşahidə olunur. Xüsusilə özəl müalicə müəssisələrinə imkan yaradılmalıdır ki, onlar bütün hallarda narkotik asılılığı ilə bağlı məsələlərdə öz rollarını oynasınlar, onların sağalmasına şərait yaradan addımlar atsınlar. Yəni bunlar hamısı müəyyən şərtlərdir və kompleks şəkildə bu tədbirlərin görülməsi vacibdir”.

F.Mustafa orta məktəblərdə təbliğatın gücləndirilməli olduğunu vurğulayıb:

“Uşaqlar arasında tütün əleyhinə fəaliyyət daha çox genişləndirilməlidir ki, onlar bundan uzaq durmağı artıq erkən yaşlardan vərdiş etməyə çalışsınlar. Həbsxanada narkotikin yayılmasına, satışına və ya istifadəsinə görə cəza çəkən şəxslər yenidən cəmiyyətə qayıdanda eyni vərdişləri başqalarına ötürməsinlər. Onların orada sağalma və bu vərdişdən uzaqlaşma istiqamətində müəyyən tədbirlərə cəlb olunmasına çalışmaq lazımdır.

Yəni söhbət kompleks tədbirlərdən gedir. Bu olmasa, narkomaniya bir bəla olaraq cəmiyyətin başı üzərində həmişə qara bulud kimi qalacaq”.

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Cavadqızı isə qeyd edib ki, son illər narkotik vasitələrin, xüsusilə sintetik narkotiklərin yayılması ilə bağlı narahatedici tendensiyalar müşahidə olunur:

“26 İyun – Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə qeyd etmək istəyirəm ki, narkomaniya müasir dövrün ən ciddi sosial problemlərindən biridir. Bu problem təkcə ayrı-ayrı insanların sağlamlığına deyil, bütövlükdə cəmiyyətin inkişafına, milli təhlükəsizliyə və gələcək nəsillərin taleyinə təsir göstərir.

Təəssüf ki, son illər narkotik vasitələrin, xüsusilə sintetik narkotiklərin yayılması ilə bağlı narahatedici tendensiyalar müşahidə olunur. Narkotik asılılığı insanın fiziki və psixi sağlamlığını məhv etməklə yanaşı, ailə münasibətlərinin pozulmasına, sosial təcridə, təhsildən yayınmaya və cinayətkarlığın artmasına səbəb olur. Bu baxımdan narkomaniya yalnız səhiyyə problemi deyil, həm də sosial və təhlükəsizlik problemidir.

Azərbaycanda bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndirirəm. Hüquq-mühafizə orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə, aidiyyəti qurumların maarifləndirmə layihələri və profilaktik proqramları mühüm əhəmiyyət daşıyır. Xüsusilə gənclər arasında aparılan maarifləndirmə işləri və ictimai təşkilatlarla əməkdaşlıq mübarizənin effektivliyini artıran amillərdəndir.

Lakin hesab edirəm ki, qarşıda duran çağırışlar daha geniş və kompleks yanaşma tələb edir. Gənclərin narkotiklərə qarşı immunitetinin formalaşdırılması üçün maarifləndirmə işləri davamlı xarakter almalıdır. Məktəblərdə, universitetlərdə və gənclər məkanlarında mütəmadi təlimlər keçirilməli, sosial şəbəkələr üzərindən innovativ məlumatlandırma kampaniyaları təşkil olunmalıdır”.

B.Cavadqızının fikrincə, bununla yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkili, onların idman, mədəniyyət, elm və könüllülük fəaliyyətlərinə cəlb olunması vacibdir:

“Psixoloji dəstək xidmətlərinin əlçatanlığının artırılması, ailələrin maarifləndirilməsi və risk qrupuna daxil olan şəxslərlə fərdi işin gücləndirilməsi də mühüm məsələlərdəndir.

Bizim əsas məqsədimiz sağlam, savadlı və məsuliyyətli gənc nəslin formalaşmasına töhfə verməkdir. Hesab edirəm ki, dövlət qurumları, vətəndaş cəmiyyəti, media, ailələr və təhsil müəssisələri birlikdə fəaliyyət göstərdikdə narkomaniyaya qarşı mübarizədə daha uğurlu nəticələr əldə etmək mümkündür. Sağlam gənclik sağlam gələcəyin əsas təminatıdır və bu gələcəyi qorumaq hamımızın ortaq məsuliyyətidir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də