
Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilin əvvəlinə 1 milyon 98,9 min nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycan rəqəmlərdə 2026” məcmuəsində yer alıb.
Məlumata görə, ölkədə pensiyaçıların 711,8 min nəfəri yaşa görə, 251,2 min nəfəri əlilliyə görə, 135,9 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.
Statistikaya əsasən, 2026-cı ilin əvvəlinə təyin olunmuş aylıq pensiyaların orta məbləği 541,6 manata yüksəlib. Bu göstərici yaşa görə pensiya alanlarda 577,4 manat, əlilliyə görə pensiya alanlarda 437,3 manat, ailə başçısını itirməyə görə pensiya alanlarda isə 547,2 manat təşkil edib.
Rəqəmlər göstərir ki, pensiyaçıların əsas hissəsini yaşa görə pensiya alanlar təşkil edir. Onların ümumi pensiyaçıların sayında payı 64,8 faizdir. Əlilliyə görə pensiya alanların payı 22,8 faiz, ailə başçısını itirməyə görə pensiya alanların payı isə 12,4 faiz olub.


