Süni intellekt artıq təkcə texnologiya şirkətlərinin və elmi laboratoriyaların deyil, dövlət idarəçiliyinin də ayrılmaz hissəsinə çevrilməkdədir. Almaniyanın rəqəmsal naziri Karsten Vildbergerin rəsmi çıxış və mətnlərin hazırlanmasında süni intellektdən istifadə etdiyini etiraf etməsi bu sahədə yeni mərhələnin başlandığını göstərir. Bir vaxtlar yalnız məlumat axtarışı və sadə tapşırıqlar üçün istifadə olunan texnologiya indi dövlət rəsmilərinin çıxışlarının hazırlanmasına qədər irəliləyib.
Rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə süni intellektin dövlət idarəçiliyində tətbiqi artıq seçim deyil, zərurət kimi qiymətləndirilir. Bu texnologiya həm vaxt itkisini azaltmağa, həm də məlumatların daha operativ emalına imkan yaradır.
Bununla belə, süni intellektin hazırladığı mətnlərin etibarlılığı, məlumatların dəqiqliyi və insan nəzarətinin vacibliyi ilə bağlı müzakirələr də səngimir.
Bəs Almaniyada tətbiq edilən bu təcrübə Azərbaycanda da mümkündürmü? Dövlət qurumlarında süni intellektdən hansı səviyyədə istifadə olunur? Bu texnologiya idarəetmədə səmərəliliyi artıracaq, yoxsa yeni risklər yaradacaq?
İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a bildirib ki, bu, dünya üzrə formalaşan bir tendensiyadır və zaman keçdikcə bütün fəaliyyət sahələrində daha geniş tətbiq olunacaq:

“Artıq hər yerdə süni intellekt əsaslı köməkçilər tətbiq edilməyə başlayır. Hazırkı dövrdə hesabatların və ya çıxışların hazırlanmasına sərf olunan vaxt digər istiqamətlərə yönəldilə bilər. Bu da ümumilikdə iş prosesində məhsuldarlığı artırır. Zamana qənaət etmək, həmin vaxtdan daha faydalı istiqamətlərdə istifadə etmək və nəticədə daha yüksək səmərəlilik əldə etmək mümkündür. Bu məsələ ilə bağlı bir məqamı da xatırlatmaq istərdim. Cənab Prezidentin iştirakı ilə keçirilən müşavirədə bildirildi ki, süni intellekt bütün sahələrdə prioritet olmalıdır. Həmin müşavirədə vurğulandı ki, hər bir şəxs öz fəaliyyət sahəsində süni intellektin tətbiqini genişləndirməli, süni intellekt əsaslı agentlər isə ona mümkün dəstəyi göstərməlidir.
Bu, ölkə rəhbərliyi səviyyəsində verilən mesajdır ki, hər kəs bu istiqamətdə addımlar atmalıdır. Süni intellekt vasitəsilə emal edilə bilən proseslər maksimum dərəcədə bu texnologiyaya həvalə olunmalıdır.
Mənfi tərəflərə gəldikdə isə, hesab edirəm ki, əsas risk süni intellektin təqdim etdiyi bəzi yanlış məlumatlarla bağlıdır. Buna görə də hansı məsələ üzərində çalışılırsa, son versiya təqdim edilməzdən əvvəl insan tərəfindən mütləq yoxlanmalıdır. Çünki süni intellektin hazırladığı məlumatlarda təhriflər və ya köhnəlmiş informasiyalar ola bilər. Məsələn, internetdə yerləşdirilən etibarsız və ya saxta mənbələrdən məlumat götürülməsi mümkündür.
Məsələyə daha geniş kontekstdə yanaşsaq, süni intellekt agentlərinin yaradılması zamanı düzgün tənzimləmələr aparılarsa, konkret istinad mənbələri müəyyənləşdirilərsə və məlumatlar ümumi internet resurslarından deyil, məsələn, Azərbaycan qanunvericiliyinə və ya etibarlı mənbələrə əsaslanarsa, həmin agentlərin təqdim etdiyi məlumatların dəqiqliyi əhəmiyyətli dərəcədə artar. Bu halda yanlışlıqların yaranma ehtimalı da xeyli azalır”.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda süni intellektdən istifadə daha çox fərdi təşəbbüslər səviyyəsindədir: “Mən yalnız öz ətrafımdakı insanları müşahidə edə bilərəm. Müşahidələrim göstərir ki, süni intellektdən istifadə edilsə də, bu proses hələ sistemli xarakter daşımır. Hər kəs ondan öz işində fərdi qaydada yararlanır. Mən özüm də istifadə edirəm. Hazırda elə bir vəziyyət yoxdur ki, hansısa dövlət qurumunun və ya müəssisənin xüsusi süni intellekt agenti olsun və yalnız müəyyən edilmiş resurslar çərçivəsində fəaliyyət göstərsin. Bununla belə, ətrafımda kifayət qədər insanın gündəlik iş fəaliyyətində, eləcə də müxtəlif təsərrüfat işlərində süni intellekt modellərindən və agentlərdən aktiv istifadə etdiyini görürəm. Lakin bu prosesin sistemli şəkildə tətbiq olunduğunu hələlik söyləmək mümkün deyil”.


