
Ötən il dövlət sifarişi ilə tələbə qəbulu zamanı bəzi ixtisaslarda keçid balları 680 balı keçdiyi halda, bəzilərində minimal hədd 200 bala yaxın olub.
“Abituriyent” 12 jurnalına istinadən xəbər verir ki, ötən il ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul imtahanlarında ixtisas qrupları üzrə qeydə alınan ən yüksək və ən aşağı minimal keçid balları bəlli olub:
Belə ki, riyaziyyat, fizika, mühəndislik, memarlıq və aqrar ixtisasları əhatə edən I ixtisas qrupunda ən yüksək nəticələr Bakı Ali Neft Məktəbində (BANM) tədrisi ingilis dilində olan ixtisaslarda müşahidə olunub.
Burada İnformasiya təhlükəsizliyi ixtisası 681.0 bal, Kompüter elmləri ixtisası 672.8 bal, Kimya mühəndisliyi ixtisası isə 668.0 bal keçid göstəricisi ilə liderlik edir.
İqtisadiyyat, idarəetmə, sosiologiya və coğrafiya ixtisaslarının daxil olduğu II qrupda BANM-in ingilis dilli Maliyyə ixtisası 653.2 balla ən yüksək pillədə qərarlaşıb. Ondan sonrakı yerləri ADA Universitetinin ingilis dilli Maliyyə ixtisası 637.6 balla və eyni universitetin İqtisadiyyat ixtisası 624.8 balla bölüşür.
Humanitar, pedaqoqika, beynəlxalq münasibətlər və regionşünaslıq istiqamətli III ixtisas qrupunda ən yüksək bal Bakı Dövlət Universitetinin (BDU) ingilis dilli Hüquqşünaslıq ixtisasına aid olub və 664.5 bal təşkil edib. Bu qrupda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Hüquqşünaslıq ixtisası 655.4 bal, BDU-nun Azərbaycan dilli Hüquqşünaslıq ixtisası isə 621.7 bal minimal keçid göstəricisinə sahib olub.
Tibb, kimya, biologiya, psixologiya və aqrar ixtisaslarının yer aldığı IV qrupda isə ən yüksək göstərici Azərbaycan Tibb Universitetinin (ATbU) ingilis dilli Tibb ixtisasına aid olaraq 683.7 bal kimi qeydə alınıb. Həmçinin ATbU-nun Azərbaycan dilli Tibb ixtisası 624.3 bal, Qafqaz Universitetinin (QU) Tibb ixtisası isə 614.6 ballıq minimal keçid həddi ilə diqqət çəkir.
Ən aşağı minimal keçid ballarına gəlincə, burada rəqəmlər fərqli ali təhsil ocaqlarında daha aşağı hədlərdə qərarlaşıb:
I ixtisas qrupunda ən aşağı keçid balları Milli Aviasiya Akademiyasının (MAA) Materiallar mühəndisliyi ixtisasında 201.0 bal, Bakı Mühəndislik Universitetinin (BMU) Maşın mühəndisliyi ixtisasında 200.6 bal və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Maşın mühəndisliyi ixtisasında 200.3 bal olub.
II ixtisas qrupunda Mingəçevir Dövlət Universitetinin (MDU) Turizm bələdçiliyi ixtisası 214.7 bal, Qərbi Kaspi Universitetinin (QKU) Turizm bələdçiliyi ixtisası 214.6 bal və Qafqaz Universitetinin (QU) Turizm işinin təşkili ixtisası 201.6 ballıq keçid həddi ilə ən aşağı yerlərdə dayanıb.
III ixtisas qrupu üzrə ən aşağı keçid balları Qarabağ Universitetinin Beynəlxalq münasibətlər ixtisasında 344.8 bal, Azərbaycan İlahiyyat İnstitunun Dinşünaslıq ixtisasında 304.8 bal və yenə Qarabağ Universitetinin İbtidai sinif müəllimliyi ixtisasında 273.0 bal olaraq müəyyən edilib.
Son olaraq, IV ixtisas qrupunda ən aşağı keçid balları Sumqayıt Dövlət Universitetinin (SDU) Ekologiya ixtisası üzrə 284.2 bal, Odlar Yurdu Universitetinin (OYU) Ekologiya ixtisası üzrə 269.6 bal və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əczaçılıq ixtisası üzrə 238.2 bal təşkil edib.


