Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycana halal bankçılıq gəlir – Əhalinin GÖZLƏNTİSİ

Azərbaycan halal iqtisadiyyatının inkişafına töhfə verə və regional halal dəyər zəncirlərinin formalaşmasında mühüm rol oynaya bilər.
Bunu Kuala Lumpurda yerləşən İslam İnkişaf Bankı (IsDB) Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsibdə keçirilən Halal forumdakı çıxışında deyib. O qeyd edib ki, Azərbaycan halal iqtisadiyyatının inkişafı üçün mühüm imkanlara malikdir.
Son illər dünyada faizsiz maliyyə prinsiplərinə əsaslanan İslam bankçılığına maraq sürətlə artır. Qlobal aktivlərinin həcmi artıq trilyonlarla dollarla ölçülən bu maliyyə sistemi təkcə müsəlman ölkələrində deyil, Böyük Britaniya, Almaniya və Sinqapur kimi qeyri-müsəlman dövlətlərdə də uğurla tətbiq olunur. İslam bankçılığı kredit və maliyyələşdirmə proseslərində faizdən (riba) istifadə etməməsi, risklərin bank və müştəri arasında bölüşdürülməsi, real iqtisadi fəaliyyətə əsaslanması ilə ənənəvi bankçılıqdan fərqlənir.
Mütəxəssislərin fikrincə, İslam maliyyəsi xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi və maliyyə inklüzivliyinin artırılması baxımından mühüm imkanlar yaradır. Bu modelin uğurla tətbiq edildiyi ölkələr sırasında Malayziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Türkiyə və Bəhreyn ön sıralarda göstərilir. Hətta Böyük Britaniya Avropada İslam maliyyəsinin əsas mərkəzlərindən birinə çevrilib.
Buna baxmayaraq, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda İslam bankçılığı hələ də tam şəkildə formalaşmayıb. Vaxtaşırı bu sahənin tətbiqi ilə bağlı müzakirələr aparılsa da, indiyədək ölkədə ayrıca İslam bankı fəaliyyətə başlamayıb. Ekspertlər bunun səbəbləri kimi qanunvericilik bazasının tam formalaşmamasını, maliyyə sektorunun mövcud strukturunu, vergi və tənzimləmə mexanizmlərindəki boşluqları, həmçinin bazarın bu məhsullara hazırlıq səviyyəsini göstərirlər. Azərbaycana nə vaxt halal bankçılıq gələcək?

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanda İslam və ya halal bankçılığının tətbiqi ilə bağlı müzakirələr uzun illərdir aparılır. Ölkədə bu sahəyə maraq olsa da, indiyədək tam formatda fəaliyyət göstərən İslam bankı yaradılmayıb. Bunun əsas səbəblərindən biri mövcud bank qanunvericiliyinin əsasən ənənəvi faiz mexanizmləri üzərində qurulması və İslam maliyyə alətlərinin tətbiqi üçün əlavə hüquqi bazaya ehtiyac duyulmasıdır.
Bununla belə, son illərdə halal iqtisadiyyat, İslam maliyyəsi və alternativ maliyyələşdirmə mexanizmlərinə marağın artması bu istiqamətdə perspektivlərin mövcud olduğunu göstərir. Azərbaycanın İslam dünyası ilə iqtisadi əlaqələrinin genişlənməsi, həmçinin beynəlxalq maliyyə qurumlarının bu sahəyə marağı gələcəkdə İslam bankçılığı elementlərinin tətbiqinə şərait yarada bilər”.
İqtisadçı bildirir ki, hazırda Azərbaycanda halal bankçılığın nə vaxt tətbiq olunacağı ilə bağlı rəsmi tarix və ya konkret yol xəritəsi açıqlanmayıb: “Bu sahədə irəliləyiş daha çox qanunvericilik dəyişikliklərindən, maliyyə sektorunun hazırlığından və bazar tələbatından asılı olacaq. Buna görə də yaxın illərdə müəyyən İslam maliyyə məhsullarının tətbiqi mümkün görünsə də, tammiqyaslı İslam bankçılığı sisteminin yaradılması üçün hələ bir sıra institusional və hüquqi addımların atılması tələb olunur. Yəni İslam bankçılığı və halal iqtisadiyyata nə qanunvericilik bazası, nə də cəmiyyət hazır deyil”.

Azərbaycan bankları "halal" kredit verəcəklər - TOPLANTI - FED.az

Məlumat üçün bildirək ki, halal və ya İslam bankçılığı müəyyən dini-maliyyə prinsiplərinə əsaslanır. Bu sistemdə ən əsas şərt faizdən (riba) istifadə edilməməsidir. İslam maliyyəsinə görə, pulun özü gəlir gətirən məhsul deyil, iqtisadi fəaliyyətin maliyyələşdirilməsi vasitəsidir. Buna görə də bank müştəriyə faizlə kredit vermək əvəzinə, layihəyə ortaq olur, mənfəət və riskləri müştəri ilə bölüşür. İslam bankçılığında həmçinin qeyri-müəyyənlik (ğərər) və spekulyativ əməliyyatlar məhdudlaşdırılır. Maliyyələşdirilən layihə və ya alış konkret aktivə, məhsula və ya xidmətə əsaslanmalıdır. Bundan başqa, qumar, alkoqol, tütün, silah istehsalı və digər dini baxımdan uyğun hesab olunmayan sahələrin maliyyələşdirilməsinə icazə verilmir. Məhz bu prinsiplərə görə İslam bankçılığı tərəfdarları hesab edirlər ki, sistem real iqtisadiyyata daha çox bağlıdır, maliyyə köpüklərinin və həddindən artıq riskli əməliyyatların qarşısını almağa kömək edir. Son illər həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində bu modelə marağın artmasının əsas səbəblərindən biri də məhz risklərin bölüşdürülməsi və etik investisiya prinsipləridir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də