Ukrayna prezidenti Volodimir Zelenski Moskva neft emalı zavoduna (NEZ) və Rusiyanın digər regionlarına endirilən yeni zərbələri təsdiqləyib və rəsmi Moskvanı müharibəni bitirməyə çağırıb.
Onun sözlərinə görə, hücum zamanı Moskva neft emalı zavodu, həmçinin Rostov vilayətindəki və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki hədəflər vurulub.
“Bu, Rusiyanın bizim şəhərlərimizə və yaşayış məntəqələrimizə vurduğu zərbələrə tamamilə ədalətli bir cavabdır. Eyni zamanda, döyüşçülərimizin Rusiyanın hərbi maşınını təmin edən obyektlərə qarşı fəaliyyətinin növbəti mühüm nəticəsidir”, - deyə Ukrayna lideri qeyd edib.
Zelenski həmçinin əlavə edib ki, “artıq bu müharibəni bitirməyin vaxtı çatıb və Rusiya diplomatiyada lazımi addımları atmalıdır”.
Xatırladaq ki, bu gün Moskva müharibə başlayandan bəri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) ən kütləvi hücumuna məruz qalıb. Rusiyanın paytaxtına 200-ə yaxın PUA ilə zərbələr endirilib. Moskva meri Sergey Sobyanin şəhərə yaxınlaşarkən vurulan pilotsuz aparatların sayının 180-ə çatdığını bəyan edib. PUA-lar Moskva neft emalı zavoduna və “Sadovod” ticarət mərkəzinin binalarından birinə ziyan vurub.
Rusiyanın Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Ukrayna PUA-larının genişmiqyaslı hücumu fonunda Moskvanın bütün hava limanları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.


