
Azərbaycana gələn İT mütəxəssislərinə 20 illik vergi güzəşti veriləcək.
Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Tibbi sığorta haqqında", "Miqrasiya Məcəlləsində" və digər qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, Azərbaycana gələn yüksəkixtisaslı informasiya texnologiyaları mütəxəssisləri, eləcə də xaricdə fəaliyyət göstərdikdən sonra ölkəyə qayıdan azərbaycanlı İT mütəxəssisləri üçün yeni vergi güzəştləri tətbiq edilir.
Qanun layihəsinə əsasən, müəyyən edilmiş meyarlara cavab verən yüksəkixtisaslı İT mütəxəssislərinin əməkhaqqı gəlirləri 20 il müddətinə gəlir vergisindən azad olunacaq. Dəyişikliklə ölkəyə yüksək ixtisaslı kadrların cəlb edilməsi, onların Azərbaycanda uzunmüddətli fəaliyyətinin təşviq edilməsi və rəqəmsal iqtisadiyyatın inkişafının sürətləndirilməsi hədəflənir.
Layihədə həmçinin bu kateqoriyadan olan şəxslərin Azərbaycanda işləməsi və yaşaması üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, onların müvəqqəti yaşamaq icazəsinin verilməsi və müddətinin uzadılması ilə bağlı yeni qaydalar tətbiq ediləcək ki, bu da xarici mütəxəssislərin ölkədə fəaliyyətini asanlaşdıracaq.
Qanun layihəsinin məqsədi beynəlxalq əmək bazarında rəqabət qabiliyyətli mühit formalaşdırmaq, yüksək ixtisaslı İT mütəxəssislərini Azərbaycana cəlb etmək, xaricdə yaşayan azərbaycanlı peşəkarların ölkəyə qayıdışını stimullaşdırmaq və informasiya texnologiyaları sektorunun inkişafını dəstəkləməkdir.


