Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hər birimiz ayda ərzağa 275 manat xərcləyirik

Hər birimiz ayda ərzağa 275 manat xərcləyirik

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 6 milyard 650,1 milyon manat investisiya yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, əsas kapitala yatırılan investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,1 faiz azalıb.

Hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 28,4 faiz artaraq 2 milyard 551,9 milyon manata çatıb. Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 14,7 faiz azalaraq 4 milyard 98,2 milyon manat təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 16 faiz artaraq 3 milyard 960,3 milyon manata yüksəlib.

Bununla yanaşı, xidmət sahələrinə yönəldilən investisiyaların həcmi 23,5 faiz azalaraq 1 milyard 732,1 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyalar isə 13,9 faiz azalaraq 957,7 milyon manat olub.

Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510,7 milyon manatlıq məhsul satılıb.

Belə ki, pərakəndə ticarət dövriyyəsinin 14 milyard 151,8 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 11 milyard 358,9 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz təşkil edib.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,9 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına yönəlib. Xərclərin 6,4 faizi avtomobil yanacağına, 4,4 faizi elektrik malları və mebellərə, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,5 faizi kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16,5 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub.

Yanvar-may aylarında əhalinin bir nəfəri pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 496,9 manatlıq alış-veriş edib. Bunun 275,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 221,2 manatı isə qeyri-ərzaq mallarına xərclənib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də