Boşanmış ailələrdə uşaqların fotolarının sosial şəbəkələrdə paylaşılması son illərdə daha çox müzakirə olunan hüquqi və etik məsələlərdən birinə çevrilib. Valideynlər arasında bu barədə razılaşma olmadıqda, qərarın kimin səlahiyyətində olduğu bəzən ciddi mübahisələr yaradır.
Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, boşanmış ailələrdə uşaqla bağlı mühüm qərarların verilməsi hər iki valideynin qarşılıqlı razılığı ilə həyata keçirilməlidir:
"Qanunvericilikdə bu məsələ birbaşa "sosial şəbəkə" termini ilə qeyd olunmasa da, uşağın tərbiyəsi və şəxsi həyatı ilə bağlı məsələlər valideynlərin bərabər hüquqları çərçivəsində tənzimlənir.
Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu bərabərlik nikah pozulduqda da qüvvəsində qalır. Uşaqların bütün məsələləri uşaqların mənafeyi və rəyi nəzərə alınmaqla valideynlərin qarşılıqlı razılığı əsasında həll edilir".
Hüquqşünas deyib ki, valideynlər arasında razılıq olmadıqda, onlar yaranmış fikir ayrılığının həll olunması üçün müvafiq icra hakimiyyəti orqanına (Qəyyumluq və Himayə orqanı) və ya məhkəməyə müraciət edə bilərlər:
"Uşağın şəkillərinin və ya ona aid məlumatların sosial şəbəkələrdə paylaşılması uşağın tərbiyəsi və şəxsi toxunulmazlığı (məxfiliyi) ilə bağlı məsələ hesab edildiyindən, valideynlərdən biri buna etiraz edərsə, digər valideyn həmin paylaşımları edə bilməz. Mübahisə yarandıqda, məsələ uşağın üstün mənafeləri nəzərə alınmaqla məhkəmə qaydasında həll olunmalıdır",- deyə o qeyd edib.


