Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda yaşlı kişi avtobusa buraxılmadı — Təəssüf doğurur

Paytaxtın ən sıx ictimai nəqliyyat nöqtələrindən biri olan Neftçilər metro stansiyası yaxınlığındakı dayanacaqda baş verdiyi bildirilən hadisə sosial narazılığa səbəb olub. Şahidlərin sözlərinə görə, yaşlı kişi avtobusa minmək istəyərkən çətinliklə üzləşib. İddialara əsasən, onun əlində olan bağlama ölçü baxımından digər sərnişinlərin avtobuslara apardığı çanta və ya çamadandan böyük olmayıb. Buna baxmayaraq, 1 və 11 nömrəli marşrut avtobuslarının sürücüləri həmin şəxsin nəqliyyat vasitəsinə minməsinə icazə verməyiblər.

Hadisə ətrafında yaranan müzakirələr ictimai nəqliyyatda sərnişinlərə münasibət, xidmət mədəniyyəti və vətəndaş hüquqlarının qorunması məsələlərini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, belə halların baş verməsi təəssüf doğurur və ictimai nəqliyyatda sərnişinlərə qarşı fərqli münasibət yolverilməzdir.

"Çünki hər bir şəxs bizim vətəndaşımızdır və heç bir vətəndaşa qarşı ayrı-seçkilik etmək düzgün deyil. İctimai nəqliyyat bütün sərnişinlər üçün əlçatan olmalı və xidmət zamanı insanlara bərabər yanaşma nümayiş etdirilməlidir".

Ekspert qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə bu tip hallara daha az rast gəlinirdi və marşrutların fəaliyyətinin tənzimlənməsi zamanı belə problemlər geniş yayılmış xarakter daşımırdı.

"Mən deyərdim ki, əvvəllər bu cür hallar demək olar ki, müşahidə olunmurdu. Xüsusilə də marşrutların tənzimlənməsi zamanı belə problemlər qeydə alınmırdı. İctimai nəqliyyatın əsas məqsədi insanların rahat və təhlükəsiz daşınmasını təmin etməkdir".

Aslan Əsədov vurğulayıb ki, Azərbaycanda dövlət səviyyəsində əlilliyi olan şəxslərin və digər həssas qrupların nəqliyyatdan rahat istifadə etməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.

"Bizdə dövlət konsepsiyası çərçivəsində hətta əlilliyi olan şəxslər üçün də şərait yaradılıb ki, onlar yol hərəkətinin iştirakçısı kimi rahat şəkildə hərəkət edə bilsinlər. Bu baxımdan sərnişinlərə qarşı əsassız məhdudiyyətlərin tətbiqi düzgün yanaşma hesab oluna bilməz".

Ekspert hesab edir ki, ictimai nəqliyyat sahəsində fəaliyyət göstərən əməkdaşların sərnişinlərlə ünsiyyət və davranış qaydalarına xüsusi diqqət yetirməsi vacibdir.

"Belə hallar yolverilməzdir. Gələcəkdə aidiyyəti qurumlar nəzakət və xidmət konsepsiyası çərçivəsində insanlara lazımi məsləhət və göstərişlər verməlidirlər ki, bu cür hallar təkrarlanmasın. Vətəndaşlar da belə vəziyyətlərlə qarşılaşdıqda narahatlıq və tərəddüd keçirməsinlər".

Beləliklə, ictimai nəqliyyatda sərnişinlərin daşınması ilə bağlı müəyyən qaydalar mövcud olsa da, onların tətbiqi zamanı insan amili, yaşlı şəxslərin vəziyyəti və xidmət etikası prinsipləri də nəzərə alınmalıdır. Xüsusilə yaşlı və həssas kateqoriyaya aid olan vətəndaşlarla ünsiyyətdə daha diqqətli və anlayışlı yanaşmanın vacibliyi vurğulanır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də