Azərbaycanda ailə qurmaq ərəfəsində tərəflər arasında yaranan əsas mübahisələrdən biri də cehiz məsələsidir. Bəzi hallarda cehizlə bağlı gözləntilər, maddi tələblər və qarşılıqlı narazılıqlar münasibətlərin gərginləşməsinə, hətta nişanın pozulmasına qədər gətirib çıxarır. Cəmiyyət dəyişsə də, cehiz mövzusu hələ də bir çox ailədə həssas məsələ olaraq qalır. Burada əsas problem təkcə maddiyyat deyil, həm də sosial stereotiplər, ailələrin qarşılıqlı gözləntiləri və nümayiş meyilləridir.
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında məsələ ilə bağlı bildirib ki, cehiz davalarının kökündə bir neçə əsas amil dayanır:
“Əsas səbəb valideynlərin və ya bəy tərəfinin perfeksionist, yəni həddindən artıq mükəmməlliyyətçi gözləntiləridir. Onlar əvvəlcədən öz düşüncələrində müəyyən bir “ideal cehiz” obrazı yaradırlar. Bu isə əslində heç bir məntiqi və real əsası olmayan bir illuziyadır. Gözləntiləri istədikləri səviyyədə qarşılanmayanda isə narazılıq və mübahisələr başlayır. Bu, problemin əsas səbəblərindən biridir. Digər məsələ insanların həyatını özü üçün deyil, başqaları üçün yaşamasıdır. “Mənim gəlinim az cehiz gətirsə, qonşular, qohumlar, dostlar nə deyər?” düşüncəsi cəmiyyətdə ciddi problem yaradır. Bəzən insanlar “kasıb ailədən qız alıb” kimi fikirlərdən çəkinərək cehizə həddindən artıq önəm verirlər. Halbuki bu yanaşma sağlam düşüncə deyil. İnsanlar öz həyatlarını başqalarının baxışı ilə qurmağa çalışırlar. Sosiologiyada buna “ümumiləşdirilmiş başqası” anlayışı deyilir”.
O deyib ki, yəni insan başqalarının fikirlərini ümumiləşdirərək həyatının bütün sahələrinə tətbiq edir:
“Geyimindən məişətinə, yaşayış tərzindən ailə münasibətlərinə qədər hər şeyi cəmiyyətin gözü ilə dəyərləndirir. Bu da ciddi sosial problemlərdən biridir. Üçüncü səbəb isə maddiyyata həddindən artıq bağlılıqdır. Xüsusilə bəzi valideynlərdə bu yanaşma açıq şəkildə hiss olunur. İnsan bəzən elə davranır ki, sanki evinə gəlin yox, cehiz gətirir. Gəlini bir insan kimi deyil, gətirəcəyi əşyalar və maddi imkanlar prizmasından qiymətləndirir. Bu isə çox təhlükəli və yanlış yanaşmadır. Əgər bu üç əsas problem aradan qalxsa və cəmiyyətdə bu istiqamətdə ciddi maarifləndirmə aparılsa, düşünürəm ki, Azərbaycanda cehiz davaları və bu mövzudan yaranan ailə problemləri tədricən azalacaq”.


