
Azərbaycan və Estoniya arasında siyasi dialoqun inkişafı istiqamətində növbəti addım atılıb. Bakıda keçirilən siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş çərçivəsində siyasi əlaqələrin hazırkı durumu nəzərdən keçirilib, ikitərəfli dialoqun inkişafında qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması məmnunluqla qarşılanıb və bu addımın iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyi qeyd olunub.
Milli Məclisin Azərbaycan-Estoniya Parlamentlərarası işçi qrupunun üzvü Rövşən Muradov bildirib ki, səfirliyin fəaliyyətə başlaması Azərbaycan-Estoniya münasibətlərinin müasir mərhələsində mühüm diplomatik dönüş nöqtəsi kimi qiymətləndirilməlidir:
"Bu hadisə təkcə iki ölkə arasında institusional təmsilçiliyin genişlənməsi anlamına gəlmir, həm də qarşılıqlı siyasi etimadın, artan dialoqun və gələcəyə hesablanmış əməkdaşlıq iradəsinin konkret ifadəsi kimi çıxış edir. Diplomatik münasibətlərdə səfirliyin açılması hər zaman yeni imkanlar pəncərəsi yaradır. Çünki səfirlik yalnız rəsmi təmasların koordinasiya mərkəzi olmur, eyni zamanda iqtisadi əlaqələrin, parlament diplomatiyasının, mədəni-humanitar əməkdaşlığın, vətəndaşlararası münasibətlərin və strateji layihələrin daha çevik idarə olunmasına xidmət edir
Bu baxımdan Estoniyanın Bakıda diplomatik missiyasını açması Azərbaycanın regionda artan nüfuzunun, sabit və etibarlı tərəfdaş kimi qəbul edilməsinin, həmçinin Cənubi Qafqazda formalaşan yeni reallıqların beynəlxalq miqyasda düzgün dərk olunmasının göstəricisidir. Azərbaycan artıq yalnız enerji resursları ilə tanınan ölkə statusunu çoxdan aşaraq nəqliyyat-logistika, rəqəmsal transformasiya, yaşıl enerji, regional təhlükəsizlik və beynəlxalq dialoq platformaları üzrə mühüm aktora çevrilmişdir. Estoniya kimi Avropa İttifaqına üzv, rəqəmsal idarəetmə və elektron dövlət təcrübəsi ilə dünyada seçilən bir ölkənin Azərbaycanda səfirlik açması bu reallığın diplomatik təsdiqi kimi də oxunmalıdır".
Deputatın sözlərinə görə, hazırda Azərbaycan-Estoniya münasibətlərini sabit, konstruktiv, praqmatik və perspektivli münasibətlər kimi xarakterizə etmək mümkündür:
"İki ölkə arasında siyasi dialoq son illərdə daha fəal xarakter almış, qarşılıqlı səfərlər, xarici siyasət qurumları arasında təmaslar, konsulluq məsləhətləşmələri və parlamentlərarası əlaqələr münasibətlərin institusional əsaslarını gücləndirmişdir. Xüsusilə Azərbaycan və Estoniya xarici işlər nazirləri arasında aparılan müzakirələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyinin nəzərdən keçirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin əhəmiyyətinin vurğulanması onu göstərir ki, münasibətlər təkcə protokol səviyyəsində saxlanılmır, daha məzmunlu siyasi koordinasiya müstəvisinə keçir".
Rövşən Muradov vurğulayıb ki, Azərbaycan-Estoniya münasibətlərində ən diqqətçəkən sahələrdən biri rəqəmsal transformasiya və kibertəhlükəsizlikdir:
“Estoniya dünyada elektron dövlət modeli ilə tanınır. Bu ölkə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron identifikasiya, məlumat təhlükəsizliyi, açıq hökumət məlumatları və kiberdayanıqlılıq sahəsində ciddi təcrübə formalaşdırmışdır. Azərbaycan da son illərdə elektron hökumət, rəqəmsal xidmətlər, innovativ idarəçilik və kibertəhlükəsizlik istiqamətində ardıcıl islahatlar həyata keçirir. Bu mənada Estoniya ilə əməkdaşlıq Azərbaycan üçün yalnız texniki təcrübə mübadiləsi baxımından əhəmiyyət daşımır. Burada daha dərin məna var: müasir dövlətin gücü artıq yalnız fiziki infrastrukturla ölçülmür, onun rəqəmsal idarəetmə qabiliyyəti, məlumat təhlükəsizliyi və vətəndaşa çevik xidmət göstərmək imkanları da dövlətçilik keyfiyyətinin mühüm göstəricisinə çevrilir.
Məhz bu baxımdan Azərbaycan və Estoniya arasında kibertəhlükəsizlik, maliyyə texnologiyaları, elektron idarəetmə və rəqəmsal xidmətlər üzrə əməkdaşlığın genişləndirilməsi xüsusi aktuallıq daşıyır. Bank-maliyyə sektorunda kiberrisklərin idarə olunması, dövlət xidmətlərində məlumatların qorunması, rəqəmsal savadlılığın artırılması və elektron xidmətlərin əlçatanlığının yüksəldilməsi gələcək əməkdaşlıq gündəliyinin əsas istiqamətlərindən biri ola bilər. Estoniyanın bu sahədə qazandığı təcrübə, Azərbaycanın isə sürətlə modernləşən institusional bazası iki ölkə arasında praktik nəticələr verə biləcək əməkdaşlıq modeli formalaşdırır”.
Deputat Azərbaycanla Estoniya arasındakı digər mühüm əlaqələrdən söhbət açıb:
“Mühüm istiqamətlərdən biri də iqtisadi əlaqələrdir. Son illərin ticarət göstəriciləri Azərbaycan-Estoniya iqtisadi münasibətlərində artım dinamikasının mövcud olduğunu göstərir. Lakin bu göstəricilər hələ potensialın tam reallaşdığını deməyə əsas vermir. Azərbaycan-Estoniyaya münasibətlərində ticarət bazası mövcuddur, lakin onu daha yüksək əlavə dəyər yaradan sahələrə yönəltmək lazımdır. Gələcək mərhələdə Azərbaycan və Estoniya arasında iqtisadi əməkdaşlıq yalnız idxal-ixrac əməliyyatları ilə məhdudlaşmamalıdır. Burada birgə investisiya layihələri, startap mübadiləsi, texnologiya transferi, logistika mərkəzləri, kənd təsərrüfatı emalı, rəqəmsal biznes həlləri və yaşıl enerji üzrə əməkdaşlıq daha geniş gündəliyə çevrilə bilər. Azərbaycanın Şərq–Qərb nəqliyyat dəhlizində artan rolu, Orta Dəhlizin strateji əhəmiyyəti və regionun logistika xəritəsində ölkəmizin möhkəmlənən mövqeyi Estoniya üçün də yeni iqtisadi imkanlar yaradır. Estoniya Baltik regionunda Avropa bazarlarına çıxış baxımından əhəmiyyətli mövqeyə malikdir. Azərbaycan isə Xəzər hövzəsi, Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Avrasiya məkanında mühüm bağlantı nöqtəsidir. Bu iki coğrafi üstünlüyün strateji uzlaşdırılması gələcəkdə daha geniş regional əməkdaşlıq formatları yarada bilər.
Münasibətlərdə daha bir perspektivli sahə təhsil, elm və insan kapitalı ilə bağlıdır. Estoniya yüksək texnologiyalar, rəqəmsal bacarıqlar, innovativ təhsil modelləri və startap ekosistemi sahəsində uğurlu nümunələrə malikdir. Azərbaycan isə insan kapitalının inkişafını, gənclərin beynəlxalq təhsil imkanlarının artırılmasını və innovasiya əsaslı iqtisadiyyatın qurulmasını milli inkişaf prioritetlərindən biri kimi müəyyən edib. Bu baxımdan universitetlərarası əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat proqramları, rəqəmsal bacarıqlar üzrə təlimlər və startap inkubasiya layihələri iki ölkə arasında münasibətlərə uzunmüddətli intellektual dəyər qata bilər.
Hesab edirəm ki, münasibətlərin növbəti mərhələsində üç əsas addım xüsusi əhəmiyyət daşıyır. Birincisi, siyasi dialoqun müntəzəm və sistemli xarakter alması təmin edilməlidir. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, parlament komitələri arasında təmaslar və hökumətlərarası mexanizmlər daha praktik nəticələrə yönəldilməlidir. İkincisi, iqtisadi əməkdaşlıqda yeni sahələr müəyyən edilməli, ticarət dövriyyəsinin artımı investisiya və texnologiya əməkdaşlığı ilə tamamlanmalıdır. Üçüncüsü, rəqəmsal dövlət, kibertəhlükəsizlik, təhsil və innovasiya sahələrində konkret layihələr hazırlanmalıdır. Çünki məhz bu sahələr Azərbaycan-Estoniya münasibətlərini ənənəvi diplomatik çərçivədən çıxararaq gələcəyin əməkdaşlıq modelinə çevirə bilər.
Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərin yeni, daha məzmunlu və daha dinamik mərhələyə daxil olduğunu göstərir. Bu mərhələdə əsas hədəf siyasi dialoqu iqtisadi layihələrlə, parlament diplomatiyasını institusional əməkdaşlıqla, rəqəmsal tərəfdaşlığı isə real praktiki nəticələrlə tamamlamalıdır. Azərbaycan-Estoniya münasibətləri bugünkü səviyyəsi ilə müsbət dinamika nümayiş etdirir, gələcək potensialı ilə isə daha geniş strateji imkanlar vəd edir. Bu imkanlardan səmərəli istifadə olunarsa, iki ölkə arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq nümunəsi kimi yox, həm də Cənubi Qafqaz ilə Baltik regionu arasında yeni siyasi-iqtisadi körpünün formalaşması baxımından mühüm əhəmiyyət daşıyacaq”.


