Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Süni intellektlə idarə olunan balıqçılıq fermaları yaradılsın - TƏKLİF

Süni intellektlə idarə olunan balıqçılıq fermaları yaradılsın - TƏKLİF

Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə işləyən müasir akvakultura təsərrüfatlarının yaradılması təklif olunub. Bu təsərrüfatlarda süni intellekt texnologiyalarının tətbiqi ilə balıqçılıq məhsullarının Avropa bazarlarına çıxarılması mümkün hesab edilir.

bunu deputat Vüqar İskəndərov Milli Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə akvakultura və yaşıl enerji sənayesinin inkişafı üçün geniş imkanlar mövcuddur.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur zəngin su ehtiyatlarına malik olduğundan balıqçılıq sahəsində unikal potensiala sahibdir.

"Bu regionlarda yaradılacaq akvakultura təsərrüfatlarında alternativ enerji mənbələrindən istifadə oluna bilər. Qarabağ və Şərqi Zəngəzurun inkişafında yaşıl enerji əsas prioritetlərdən biridir", - deyə deputat vurğulayıb.

Vüqar İskəndərov qeyd edib ki, süni intellekt texnologiyalarının tətbiqi ilə suyun temperaturu, oksigen səviyyəsi və balıqların yemlənməsi avtomatlaşdırıla bilər.

"Bu yanaşma daha müasir və ekoloji təmiz məhsul istehsalına imkan verər. Belə məhsulların Avropa bazarlarına çıxarılması üçün də yaxşı imkanlar mövcuddur", - deyə o əlavə edib.

Deputat həmçinin Quba və Şəkidə aqrar təhsil potensialının gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Onun sözlərinə görə, xüsusilə kənd təsərrüfatı potensialı yüksək olan Şəkidə Aqrar Universitetin filialının yaradılması gələcək mütəxəssislərin hazırlanmasına və elmi fəaliyyətin inkişafına töhfə verə bilər.
 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də