Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qiymət dalğalanmaları fermerləri demotivasiya edir

Qiymət dalğalanmaları fermerləri demotivasiya edir

Aqrar sektorda məhsuldarlığın artırılması və ixracın genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindən biri olmalıdır. Fermerlərin daha çox istehsala təşviq edilməsi üçün bəzi məhsulların ixracına subsidiya tətbiq olunması da müzakirə edilə bilər.

Bunu deputat Tahir Mirkişili Milli Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Deputat bildirib ki, aqrar sektor məşğulluq, ərzaq təhlükəsizliyi və regionların inkişafı baxımından ölkə iqtisadiyyatının ən vacib sahələrindən biridir.

Onun sözlərinə görə, aqrar sektorda əsas problemlər su qıtlığı, torpaqların parçalanması, məhsuldarlığın artırılması, kiçik fermerlərin maliyyəyə çıxışı, kadr və innovasiya məsələləri, eləcə də logistika və satışla bağlıdır.

Tahir Mirkişili qeyd edib ki, müzakirə olunan Dövlət Proqramı bu problemlərin böyük hissəsini əhatə edir və onların həlli istiqamətində konkret mexanizmlər nəzərdə tutur.

Deputat xüsusilə məhsuldarlığın artırılması məsələsinə diqqət çəkib.

"Torpaq da məhduddur, su da məhduddur. Əsas məsələ eyni torpaq və eyni su ilə daha çox məhsul istehsal etməyə nail olmaqdır. Bunun yolu innovasiya, elmi yanaşma və yeni mexanizmlərin tətbiqindən keçir", - deyə o bildirib.

Tahir Mirkişili torpaqların konsolidasiyası məsələsinin də vacibliyini vurğulayaraq bu istiqamətdə tətbiq olunacaq mexanizmlərlə bağlı əlavə məlumat almaq istədiyini qeyd edib.

Deputat aqrar sahədə logistika və satış məsələlərinin də xüsusi əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, daxili bazarda qiymət dalğalanmaları fermerlərin fəaliyyətinə mənfi təsir göstərə bilər, ixrac imkanlarının genişlənməsi isə istehsalçıların motivasiyasını artırır.

"Biz ixrac olunan bəzi məhsullar üzrə müəyyən dövrlərdə hər kiloqrama görə subsidiya tətbiq edilməsini müzakirə edə bilərik. Bu, fermerlər və sahibkarlar üçün əlavə stimul yarada bilər", - deyə Tahir Mirkişili vurğulayıb.

Deputat əlavə edib ki, son dövrdə qeyri-neft ixracında logistika xərclərinin bir hissəsinin qarşılanması və kredit zəmanətləri ilə bağlı qəbul olunan qərarlar aqrar məhsulların satış imkanlarının genişlənməsinə müsbət təsir göstərə bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də