Rusiya prezidenti Vladimir Putinin Qazaxıstandakı çıxışı diqqətçəkən açıqlamalar və qalmaqallı sitat səbəbindən geniş müzakirələr doğurub.
Putin çıxışı zamanı həm Ermənistanın Avropa İttifaqına yaxınlaşmasının nəticələri barədə sərt xəbərdarlıqlar edib, həm də sonradan müəllifi ilə bağlı mübahisə yaranan ifadə işlədib.
Putin bildirib ki, Rusiya ilə Ermənistan arasında “xüsusi münasibətlər” mövcuddur və İrəvanın Qərblə yaxınlaşmaq qərarı bu münasibətləri tam pozmayacaq. Bununla yanaşı, o, Ermənistanın Avropa Birliyi standartlarına keçəcəyi halda Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi inteqrasiyanın faktiki olaraq dayanacağını açıq şəkildə bəyan edib.
Kreml rəhbəri Ermənistan üçün mümkün nəticələri sadalayaraq deyib ki, bu halda Ermənistan məhsulları üçün bazar problemi yarana bilər, dəmiryol daşımalarında tariflər artırıla, enerji daşıyıcılarının qiyməti yüksələ və Ermənistan vətəndaşları Rusiyada işləmək üçün patent almağa məcbur qala bilərlər.
“Erməni şərabı hara gedəcək? Məhsullarını kimə satacaqlar? Dəmir yolu tariflərini qaldırmalı olacağıq, enerji qiymətlərini artırmalı olacağıq”, – deyə Putin bildirib.
Rusiya prezidenti Ukrayna böhranına da toxunaraq Kiyevdəki böhranın da vaxtilə Avropa Birliyinə inteqrasiya cəhdləri fonunda başladığını iddia edib və Avrasiya İttifaqının Ermənistandan üzvlüklə bağlı referendumun daha tez keçirilməsini istədiyini vurğulayıb.
Putin çıxışında Qərb mediasını da sərt tənqid edib və Avropa Birliyinin Rusiyaya qarşı mümkün müharibə ilə bağlı açıqlamalarını “cəfəngiyyat və yalan” adlandırıb. O, Rusiyanın Avropa ölkələrinə heç vaxt təhdid yaratmadığını iddia etsə də, eyni çıxışda Rusiyanın hərbi bazalarına zərbə endirməyə çalışanları “yerlə-yeksan edəcək vasitələrə” malik olduğunu söyləyib.
Çıxışın ən çox müzakirə olunan hissələrindən biri isə Putinin işlətdiyi sitat olub. Kremlin rəhbəri “Yalan nə qədər inanılmaz olsa, ona bir o qədər tez inanacaqlar” ifadəsini nasist Almaniyasının təbliğatçısı Yozef Göbbelsə aid edib.
Lakin müstəqil jurnalistlərin diqqət çəkdiyi məqama görə, həmin ifadə əslində Adolf Hitlerin “Mayn Kampf” (“Mənim mübarizəm”) kitabında yer alır. Maraqlıdır ki, bu kitab Rusiyada ekstremist material hesab olunur və qadağan edilib. Bu səbəbdən sosial şəbəkələrdə Putinin ya müəllifi səhv saldığı, ya da qadağan olunmuş kitabdan dolayısı ilə sitat gətirdiyi barədə ironik müzakirələr başlayıb.


