Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 6 saatlıq iş sistemi genişlənəcək 

Azərbaycanda 6 saatlıq iş sistemi genişlənəcək 

Son illər dünyada 6 saatlıq iş günü modeli ilə bağlı müzakirələr genişlənir. Xüsusilə psixoloji yüklənmə, işçi məmnuniyyəti və əmək məhsuldarlığı ilə bağlı aparılan araşdırmalar fonunda bir sıra ölkələrdə iş saatlarının azaldılması istiqamətində addımlar atılır. Azərbaycanda da bu modelin gələcəkdə daha geniş tətbiq olunub-olunmayacağı maraq doğuran məsələlərdən biridir.

Məsələ ilə bağlıaçıqlamasında sabiq deputat, iqtisadçı Vahid Əhmədov bildirib ki, 6 saatlıq iş günü əvvəllər də bəzi sahələrdə tətbiq olunub.

Onun sözlərinə görə, xüsusilə ağır və zərərli sahələrdə qısaldılmış iş rejimi praktikası mövcud olub:

“Ağır sənaye və zərərli iş yerlərində əvvəllər də altı saatlıq iş günü tətbiq edilirdi. Son vaxtlar isə ümumilikdə iş saatlarının azaldılması məsələsi daha çox müzakirə olunur”.

Vahid Əhmədov hesab edir ki, texnologiyaların inkişafı iş rejimlərinin dəyişməsinə təsir göstərir:

“Dünyada robototexnika və informasiya texnologiyaları sürətlə inkişaf edir. Canlı işçi qüvvəsinə tələbat getdikcə azalır, bir çox kobud işlər artıq avtomatlaşdırılıb”.

İqtisadçının fikrincə, bu proses əmək məhsuldarlığına ciddi mənfi təsir yaratmaya bilər:

“Altı saatlıq iş rejiminin tətbiqi ciddi problem yaratmaz. Çünki avtomatlaşdırma və robotlaşdırma prosesi kifayət qədər genişlənib”.



Sabiq deputat bildirib ki, iş saatlarının azaldılması insanların psixoloji vəziyyətinə də müsbət təsir göstərə bilər:
“Son dövrlər insanlar kompüter və elektron cihazlarla daha çox işləyirlər. Bu isə həm sağlamlığa, həm də psixoloji vəziyyətə təsir edir. Altı saatlıq iş günü yüklənməni müəyyən qədər azalda bilər”.

Vahid Əhmədov süni intellekt texnologiyalarının inkişafının da gələcəkdə iş rejiminə təsir göstərəcəyini vurğulayıb:

“Süni intellekt artıq yeni mərhələdir və Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılır. Bütün bunlar gələcəkdə iş saatlarının azalmasına gətirib çıxara bilər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov da gələcəkdə 6 saatlıq iş saatının müzakirə olunacağını bildirib:

“Bu model yalnız müəyyən kateqoriyalar və sahələr üzrə tətbiq olunur. Bunlara əsasən zərərli və ağır iş şəraitində çalışanlar, bəzi dövlət və təhsil sektorunun işçiləri, eləcə də xüsusi sosial müdafiəyə ehtiyacı olan qruplar daxildir.

6 saatlıq iş gününün tətbiqi beynəlxalq təcrübədə bəzi ölkələrdə mövcuddur, lakin geniş yayılmayıb. Bu gün ölkəmizdə də 6 saatlıq iş gününə keçidlə bağlı məsələ müzakirə olunmur və hazırda bu istiqamət aktual hesab edilmir. Lakin gələcəkdə bu məsələnin gündəmə gəlməsi mümkün hesab oluna bilər” – o bildirib.
 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də