Milyarder Ceff Bezosa məxsus "Blue Origin" şirkətinin "New Glenn" ağır qaldırıcı raketi Florida ştatındakı buraxılış meydançasında sınaq zamanı partlayıb.
Hadisə Florida ştatının Cape Canaveral şəhərindəki 36 nömrəli buraxılış kompleksində sınaq zamanı yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtı ilə saat 05:00) baş verib.
"Blue Origin" şirkəti "X"də sınaq zamanı "anomaliya" baş verdiyini təsdiqləyib. Şirkət sahibi Ceff Bezosun sözlərinə görə, bütün işçilər təhlükəsizlikdədir və personal üçün heç bir təhlükə yoxdur.
"Associated Press"in məlumatına görə, partlayış o qədər güclü olub ki, Cape Canaveral və Cocoa Biç sakinləri evlərin titrədiyini və səmada parlaq bir parıltı olduğunu bildiriblər. Yerli hakimiyyət orqanları mümkün yanacaq sızması baxımından heç bir təhlükə olmadığını bildiriblər.
Milyarder İlon Mask rəqib şirkətin raketinin partlamasına X hesabında reaksiya verib: "Çox təəssüf. Raketlər çətindir".


