Son 3,6 milyon illik dövrün təhlili göstərir ki, Yer kürəsinin öz oxu ətrafında fırlanma sürəti ciddi dərəcədə azalıb. Vyana Universiteti və Sürix Ali Texnologiya Məktəbinin mütəxəssisləri bu qənaətə okean dibindəki qədim təkhüceyrəli orqanizmlərin qabıqlarını öyrəndikdən sonra gəliblər.
Tədqiqatın nəticələri nüfuzlu “Earth and Planetary Science Letters” jurnalında işıq üzü görüb.
Mütəxəssislər dəniz çöküntülərini və su səviyyəsinin tərəddüdlərini araşdıraraq keçmiş dövrlərdə sutkanın real uzunluğunu hesablamağa nail olublar. Məlum olub ki, hazırda planetin fırlanma sürətinin zəifləməsi əvvəlki milyon illərlə müqayisədə qat-qat sürətlə baş verir.
Tədqiqat qrupu bu qeyri-adi ləngiməni birbaşa qlobal iqlim dəyişikliyi ilə əlaqələndirir. Qütblərdəki buzlaqların sürətlə əriməsi nəticəsində yaranan nəhəng su kütlələri ekvator zonasına doğru yerini dəyişir. Bu vəziyyət fizika qanunları ilə izah olunur. Qollarını yana açan idmançının fırlanma sürətinin azalması kimi, suyun ekvatorda toplanması da Yerin hərəkətini tormozlayır.
Hazırda sutkanın uzanması cəmi bir millisaniyə təşkil etsə də, geoloji baxımdan bu, olduqca böyük sürətdir. Adi vaxtda sutka hər yüz ildə təxminən 1,7 millisaniyə uzanırdı, lakin son onilliklərdəki antropogen təsirlər prosesi görünməmiş həddə çatdırıb. Gələcəkdə bu dəyişiklik qlobal iqlim sistemlərini və okean axınlarını tamamilə alt-üst edə bilər.//Demokrat.az


