Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xocalıda - qonşularımla bir məhəllədə qurban kəsəcəyik - DEPUTAT

Xocalıda - qonşularımla bir məhəllədə qurban kəsəcəyik - DEPUTAT

Xocalıya köçən Milli Məclisin deputatı Elman Məmmədov doğma şəhərdəki həyatından, qonşularla münasibətlərdən və illər sonra Xocalıya qayıtmasının yaratdığı hisslərdən danışıb.

Elman Məmmədov Xocalıda genişmiqyaslı tikinti və bərpa işlərinin davam etdiyini bildirib.

“Xocalı yenidən qurulur, şəhər tikilir. Sürətlə olmasa da, tədricən tikinti işləri dayanmadan gedir. Təkcə şəhərin özündə yox, eyni zamanda Xocalının ətraf kəndlərində, rayonun digər yaşayış məntəqələrində də tikinti-quruculuq və abadlıq işləri davam edir”, - deyə o bildirib.

Elman Məmmədov qeyd edib ki, qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir və artıq bəzi köhnə qonşuları ilə yenidən bir məhəllədə yaşayırlar:

“Hələ qonşularım çox deyil, çünki köç prosesi davam edir. Amma əvvəlki qonşularımız yenə də bizimlədir. Bizim məhlədə hər kəsin öz evinin yerində ev tikilir və ya bərpa olunur. Yeni tikilən evlər də var. Dünyasını dəyişən qonşularımız da var. Onların övladları, nəvələri köçürlər. Yenə əvvəlki kimi qonşuluq edirik, birlikdə yaşayırıq”.

Deputat hazırda beynəlxalq tədbirlərlə bağlı Bakıda olduğunu, lakin yaxın günlərdə yenidən Xocalıya qayıdacağını söyləyib.

Elman Məmmədov uzun illərin həsrətindən sonra doğma yurda qayıtmağın xüsusi hiss olduğunu vurğulayıb:

“Bu yorğunluq xoş yorğunluqdur, arzu olunan yorğunluqdur. Uzun illərin həsrətindən sonra doğma yurd-yuvamıza qayıtmışıq. Mən uzun illər Ağcakənddə yaşamışam, ora gedib-gəlirdim. Bakıdan gedəndə - Yevlaxdakı yol dairəsinə çatanda həmişə həsrətlə baxırdım ki, görəsən bir gün bu yoldan sola dönüb Xocalıya gedə biləcəyəmmi? Şükür ki, qismət oldu”.

Deputat bildirib ki, hazırda təkcə Xocalıya deyil, işğaldan azad olunan digər şəhər və rayonlara da köç davam edir:

“Ağdama da, digər rayonlara da qayıdış gedir. Çünki dayanmadan tikinti, quruculuq və bərpa işləri aparılır. Yaşayış üçün şərait yaranan kimi insanlar öz kəndlərinə, şəhərlərinə qayıdırlar”.

Elman Məmmədov bu il ilk dəfə Qurban bayramını Xocalıda keçirmək istədiyini də söyləyib:

“Məqsədim odur ki, qismət olsa, Qurban bayramında Xocalıda qurban kəsim. Bu, illərdir arzuladığım bir hissdir. İnşallah, ilk dəfə bu il Qurban bayramını işğaldan azad olunmuş Xocalıda qeyd edəcəyəm”.

Deputatın sözlərinə görə, vəzifəsi və statusu qonşularla münasibətlərinə təsir göstərməyib:

“Qətiyyən. Elə həmin qonşuluq münasibətləridir. Deputatlıq da, vəzifə də müvəqqətidir, gəldi-gedərdir. Amma xocalılıq əbədidir, daimidir. Biz xocalılığımızı qoruyub saxlamışıq və bundan sonra da qoruyacağıq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də