
Prezident İlham Əliyevin Zəngilan şəhərinə səfəri zamanı səsləndirdiyi mesajlar yenidən regiondakı geosiyasi prosesləri gündəmə gətirib. Dövlət başçısı sakinlərlə görüş zamanı xüsusilə Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən Mülki Missiyasını sərt tənqid edib və Ermənistanı Azərbaycandan qorumağa ehtiyac olmadığını bildirib.
“Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada”, - deyə Prezident vurğulayıb.
Həqiqətən də, artıq iki ölkə arasında genişmiqyaslı hərbi qarşıdurmanın dayanması, sülh danışıqlarının davam etməsi və Ermənistan Baş naziri Nikol Paşinyanın dəfələrlə “sərhəddə artıq hərbçilər ölmür” açıqlaması fonunda Avropa İttifaqının Mülki Missiyasının fəaliyyəti suallar doğurur. Bu baxımdan, missiyanın 2027-ci ilə qədər uzadılmış mandatının vaxtından əvvəl dayandırılıb-dayandırılmayacağı diqqət çəkir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin VIII Zirvə Toplantısında və ondan sonra Zəngilan şəhərində səsləndirdiyi fikirlər böyük həqiqətləri əks etdirir:
"Prezident Avropa Siyasi Birliyinin toplantısında Avropa Parlamenti və bəzi Avropa qurumlarının Ermənistanla bağlı yaratmağa çalışdığı yanlış təsəvvürləri açıq şəkildə ifşa edib. Söhbət ondan gedir ki, Avropa Parlamenti və bəzi Avropa qurumları, siyasətçiləri sanki Ermənistanı Avropaya onların dəstəyi yaxınlaşdırıb kimi yanlış görüntü yaradıblar. Avropalılar bu yalançı görüntünü yaratmaqla əslində özlərini ifşa ediblər. Ona görə ki, Ermənistanın indi-indi müstəqil dövlət kimi davranmağa başlaması və bunu dünyaya nümayiş etdirməsinə səbəb Azərbaycanın yaratdığı yeni reallıq, Qarabağın işğaldan azad edilməsidir. Ermənistan işğalçı siyasətdən imtina edib regionda yaranmış yeni reallıqlara uyğun davrandığı halda, bu həm region, həm də Avropa üçün maraqlı ola bilər. Lakin Avropa öz rolunu itirməmək üçün yeni siyasi oyun qurmağa çalışır. Bu oyunun adı belədir: guya biz olmasaydıq, Ermənistan Avropaya yaxınlaşmazdı. Belə iddia edirlər ki, məhz onların dəstəyi və göndərdikləri missiyalar olmasa, Ermənistan başqa yolun yolçusu olacaqdı. Əslində isə bütün bu addımlar və mesajlar Avropanın regionda nüfuzunu itirdikdən sonra özünə yer axtarmaq cəhdinin əyani sübutudur”,
Cənab Prezident də açıq şəkildə dedi ki, siz öz işlərinizlə məşğul olmaq əvəzinə Azərbaycan əleyhinə qərarlar qəbul edir, yalan və böhtan yaymaqla məşğul olursunuz. Gedin öz problemlərinizi həll edin. Sizdə islamofobiya, ksenofobiya, Azərbaycanofobiya, türkofobiya kimi problemlər var və bunları həll edə bilmirsiniz.
Zəngilan şəhərində cənab Prezident yenə də, çox düzgün qeyd etdi ki, orada dayanan müşahidəçilər bir güllə səsi eşitsələr, qaça-qaça gedəcəklər. Bir sözlə, onlar sadəcə görüntü yaratmaq üçün Ermənistandadırlar”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan heç kimin torpağında gözü olmayan dövlətdir və İkinci Qarabağ müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra dayanmaqla bunu bütün dünyaya nümayiş etdirib:
“Biz dayanmaya da bilərdik. Amma bununla bütün dünyaya göstərdik ki, onların (Avropa Parlamenti, Avronest-red) mövqeyi yanlış idi və ikili standartlara əsaslanırdı. Yeri gəlmişkən Slovakiyanın Baş naziri Robert Fitso Prezident İlham Əliyevin mövqeyini müdafiə etməsi də təsadüfi deyil. Getdikcə onlar başa düşürlər ki, Azərbaycanın gücü nədən ibarətdir. Sadəcə avropalıların ikiüzlülüyü və qorxaqlığı Azərbaycanın regionda sülh arxitekturasının müəllifi olduğunu etiraf etmələrinə mane olur. Avropa tərəfi sülhdən danışsa da, reallıqda normallaşma prosesini zəiflətməyə çalışır: Onlar sülh istəyirlər, amma öz istədikləri formada. Onların istədiyi sülhü bizə Minsk qrupu fəaliyyət göstərəndə bu qurum vasitəsilə göndəriblər və biz onların təkliflərini tarixin zibilliyinə atmışıq. Azərbaycan artıq yeni, ədalətli və milli maraqlara uyğun sülh arxitekturası yaradıb”.
Səməd Seyidov bildirib ki, Avropa müşahidə missiyası bölgədə qalmaq üçün müxtəlif bəhanələrdən istifadə etməyə davam edəcək:
“Əvvəl qısamüddətli missiya dedilər, sonra müddəti uzatdılar. Hətta, yekun sülh sazişi imzalanana qədər regionda qalacaqlarını bildirdilər. Sabah sülh sazişi imzalansa belə, yenə bəhanə tapıb orada qalmağa çalışacaqlar. Çünki bu onlar üçün həm siyasi, həm də korrupsiya maraqları məsələsidir. Onları maliyyələşdirmək, Almaniyada istehsal olunan şüşəsi bahalı binokllar almaq lazımdır. Bunlar adi şüşələrlə Azərbaycana baxa bilmirlər. Çox hiyləgər korrupsiya vasitəsindən onlar əl çəkə bilməyəcəklər. Çünki bu qurum özü bütövlükdə korrupsiya içərisində batıb. Bu vasitəni qoyub "Azərbaycanla Ermənistan sülh əldə etdiyi üçün buradan çıxırıq",- deyə bəyanat verəcəklərinə inanacaq qədər sadəlövh deyilik. Ancaq yenə də regionda qalmaqla yenidən öz-özlərini ifşa edərək, biabır edəcəklər".


