Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM)və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə 25-28 may tarixlərində Düşənbə şəhərində keçiriləcək “Dayanıqlı İnkişaf üçün Su” (2018-2028) Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransla bağlı brifinq keçirilib.
Brifinqin əsas məqsədi qarşıdan gələn konfransın prioritetləri və gözlənilən nəticələr barədə məlumatlılığın artırılması, qlobal su gündəliyinə diqqətin cəlb olunması, su ehtiyatlarının dayanıqlı idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dəstək göstərilməsi, eləcə də maraqlı tərəflərin konfransın işində fəal iştirakının təşviq edilməsidir.
Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev su çatışmazlığının aktual və ciddi qlobal problem olaraq qaldığını qeyd edib. O, su təhlükəsizliyinin milli təhlükəsizliyin strateji tərkib hissəsi olduğunu vurğulayıb. Bildirib ki, beynəlxalq münasibətlərdə münaqişələri əvvəlki dövrlərdə daha çox neft-qaz və enerji gündəmləri stimullaşdırırdısa, hazırda su çatışmazlığı bir sıra münaqişə və qarşıdurmaların əsas amillərindən birinə çevrilib və bu, qlobal siyasətə ciddi təsir potensialına malikdir.

Fərid Şəfiyev, həmçinin su məsələlərinin Azərbaycan dövlət siyasətində daim diqqət mərkəzində olduğunu qeyd edib. O bildirib ki, COP29 çərçivəsində uzunmüddətli su təhlükəsizliyinin təmin edilməsi məqsədilə innovativ mexanizmlərin tətbiqi və sektorlararası tərəfdaşlıqların əhəmiyyəti xüsusi olaraq vurğulanıb.
Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri İlxom Abduraxmon bildirib ki, dünya ictimaiyyəti su təhlükəsizliyi sahəsində hələ də ciddi çağırışlarla üzləşir.
Səfir qeyd edib ki, bu kontekstdə Düşənbədə keçiriləcək konfrans praktik həllərin hazırlanması, tərəfdaşlıqların gücləndirilməsi və beynəlxalq səylərin səfərbər olunması üçün mühüm platforma rolunu oynayacaq.
Hazırlıq işləri barədə məlumat verən səfir İ. Abduraxmon artıq Milli Fəaliyyət Planının təsdiqləndiyini, Baş nazirin rəhbərliyi ilə Milli Təşkilat Komitəsinin yaradıldığını, eləcə də aparıcı beynəlxalq ekspertlərin iştirakı ilə Beynəlxalq Məşvərət Komitəsinin formalaşdırıldığını diqqətə çatdırıb.
“Artıq 46 dövlət, 39 beynəlxalq təşkilat və maliyyə institutunun nümayəndələrinin iştirakı təsdiqlənib. İştirakçılar arasında baş nazirlər, vitse-prezidentlər, BMT Baş katibinin müavinləri, nazirlər və səfirlər kimi yüksək vəzifəli şəxslər yer alır. Ümumilikdə, iştirakçı sayının 2500 nəfəri keçəcəyi gözlənilir ki, bu da tədbirə beynəlxalq səviyyədə böyük marağın göstəricisidir”, - deyə səfir diqqətə çatdırıb.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə qeyd edib ki, 2020-ci ilin aprel ayında Azərbaycan su ilə bağlı ciddi problemlərlə üzləşmə ehtimalı olan ölkələr sırasında 18-ci yerdə qərarlaşmışdı. Lakin son illərdə ölkədə su resurslarının idarə olunması sahəsindəaparılan institusional və infrastruktur təkmilləşdirmələrvəziyyəti dəyişib.
“2020-ci ilin sonunda Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarına çıxışı bərpa etdi. Daxili su ehtiyatlarımızın təxminən 25%-i bu bölgələrdən qaynaqlanır. O vaxtdan bəri Zabuxçay, Köndələnçay, Suqovuşan, Tərtərçay suvarma kanalı və s. kimi infrastruktur inkişaf layihələrini uğurla başa çatdırmışıq. Hazırda Yengicə və Əlicançay su anbarlarının tikintisi, Şirvan və Qarabağ suvarma kanallarının bərpası kimi bir çox tikinti işləri aparılır”.
4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransın Katibliyinin təmsilçisi Təhminə Həsənova Azərbaycan və Tacikistan arasında su təhlükəsizliyi sahəsində mövcud əməkdaşlıqdan bəhs edib.
O, Azərbaycanın Tacikistanın su gündəmi ilə bağlı bütün beynəlxalq təşəbbüslərini ardıcıl olaraq dəstəklədiyini qeyd edərək buna görə minnətdarlığını ifadə edib. Bildirib ki, iki ölkə arasında əməkdaşlıq yalnız ikitərəfli səviyyədə deyil, həm də regional və qlobal su gündəliyi çərçivəsində uğurla inkişaf edir.
T. Həsənova, həmçinin Düşənbə prosesi çərçivəsində Azərbaycanın Tacikistana davamlı dəstək göstərdiyini vurğulayıb. O, xüsusilə buzlaqlar məsələsinin qlobal su gündəliyində mühüm yer tutduğunu və Azərbaycanın bu istiqamətdə Tacikistan tərəfindən irəli sürülən təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb.
Nigar Həsənli
Musavat.com



