İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova yaşasaydı, bu ay ömrünün növbəti baharını qarşılayacaq və doğum gününü doğmaları ilə birlikdə qeyd edəcəkdi. Mayın 4-ü onun dünyaya gəldiyi gündür – indi isə bu tarix bir ailənin yaddaşından çıxaraq bütöv bir xalqın hüznlü xatirəsinə çevrilib.
Arəstənin adı artıq sadəcə bir ömür hekayəsi deyil, həm də fədakarlığın, mərhəmətin və Vətənə sədaqətin rəmzidir. İkinci Qarabağ müharibəsinin qanlı və şərəfli səhifələrində o, yaralı əsgərlərin həyatına işıq olmaq üçün öz həyatını qurban verdi.
Onun anım günündən sonra şəhidin anası Məktubə Baxışova ilə həmsöhbət olduq, həm övlad ağrısını, həm də qürurunu bölüşdük və İkinci Qarabağ müharibəsinin unudulmaz qəhrəmanlarından birini bir daha yad etdik. Məktubə xanım bizimlə söhbətə qızının yadigarları olan nəvələri Mərdan və Zəhradan danışmaqla başladı:
-Körpəlikdən onlar mənim yanımdadırlar. Doğulandan onlara baxıram. Ona görə də nəvələrimin bütün xüsusiyyətlərini bilirəm. Nə istəyirlər, nə geyinirlər, nə yeyirlər, xəstələnəndə nə lazımdır – hamısını bilirəm.
– Ailədə sizdən başqa onlara qayğı göstərən varmı?
– Yox, onlara mən baxıram. Məndən başqa heç kimləri yoxdur.
– Nəvələrinizin hazırda neçə yaşları var və təhsillərini davam etdirirlərmi?
– Nəvələrim Bakı Oksford Məktəbində oxuyurlar. Mərdanın 17 yaşı tamam olub, bu il 11-ci sinfi bitirir. Zəhranın isə 15 yaşı var və 9-cu sinifdə oxuyur. Hələ ki, harada oxuyacağı dəqiqləşməyib. Mərdanın imtahan nəticələrini gözləyirik, ondan sonra seçim edəcək.
-Əvvəllər nənə kimi onların qayğısına qalırdınız, indi isə nəvələriniz üçün ana yarısısınız. Yəqin ki, çətindir.
– Mən həyatımda çox çətinliklər görmüşəm. 1993-cü ildə həyat yoldaşım Çernobıl faciəsində xəsarət aldığı üçün səhhətində problemlər yarandı və dünyasını dəyişdi. Mən üç uşaqla Azərbaycana qayıtdım. Anam kömək etdi, uşaqlara baxdı, mən də işlədim. Bir sözlə, üç uşaq böyütdüm, hamısına təhsil verdim. Atasız uşaq böyütmək çətin olsa da, öhdəsindən gəldim. Amma anasız uşaq böyütmək daha çətindir. Uşaqlar bəzən deyirlər ki, anaları daha yaxşı yemək bişirirdi. Əlbəttə, mən nə qədər çalışsam da, onların analarının yerini verə bilmərəm. Ona görə mənim üçün çox çətindir. Üstəlik, özüm də xəstəyəm, şəkər xəstəliyim var, müalicə alıram. Bu da vəziyyəti daha da çətinləşdirir.

– Uşaqlar anaları ilə bağlı hansı xatirələri daha çox anırlar?
-Hər ikisi analarını çox istəyirdi. Deyirlər ki, dərdlərini, sevinclərini anaları ilə bölüşə bilmirlər. Hər şeyi analarına danışırdılar.
Məktubə xanım, maddi vəziyyətiniz necədir?
– Əsas çətinlik təhsillə bağlı xərclərdədir. Mərdan xaricdə təhsil almaq üçün kursa gedir. Həmin kursa min manat borcum var. Ancaq başqa çətinliyimiz yoxdur, dolana bilirik. Analrının şəhidlik pensiyasını nəvələrimə xərcləyirəm.
– Arəstə xanımın xidmət etdiyi əraziləri gedib ziyarət etmisinizmi?
– Arəstə Qubadlı-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, əsgərlərə yardım edirdi. Mən həmin ərazilərə getmişəm, şəhid ailələri ilə birlikdə ziyarət etmişəm. Çətindir, adam dözə bilmir.

– Arəstə xanımın övladları ilə bağlı arzuları nə idi?
– İstəyirdi ki, uşaqlar yaxşı oxusun, yaxşı insan olsunlar, yaxşı işlərdə çalışsınlar, ölkəni layiqincə təmsil etsinlər. Şükür, dövlətimiz də onlara dəstək olur. Zəhra diplomat olmaq istəyir, Mərdan isə ADA universitetini bəyənir.
– Arəstə xanım heç yuxularınıza gəlirmi?
– Əvvəllər tez-tez görürdüm. Son vaxtlar az görürəm. Dünən yenə yuxuma gəldi. Mənə öz hərbi pencəyini verdi və dedi geyin. Bu barədə gəlinimə də danışmışam. Gəlinim bildirdi ki, Arəstə bununla mənə səbir, güc-qüvvət verib.
Xatırladaq ki, Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.




