Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu məhsullar BAHALAŞA bilər – Meyvə bazarında canlanma

Bazarlarda apardığımız müşahidələr göstərir ki, hazırda çiyələk bolluğu yaşanır və qiymətlər ötən illərin eyni dövrü ilə müqayisədə xeyli aşağıdır. Mövcud vəziyyətə əsasən, bazarlarda çiyələyin bir kiloqramı 2 manatdan başlayır, bəzi hallarda isə qiymət 1,5 manata qədər enir. Bu isə həm alıcılar, həm də satıcılar üçün diqqət çəkən bir tendensiyadır. Mütəxəssislərin bir qismi bu ucuzlaşmanı xarici bazar faktorları, xüsusilə Rusiya amili ilə əlaqələndirir.

Bildirilir ki, bu il Rusiyada fermerlər çiyələk plantasiyalarını genişləndiriblər. Nəticədə həmin bazara ixrac imkanları əvvəlki illərlə müqayisədə azalıb. Bu isə daxili bazarda məhsulun daha çox qalmasına, nəticə etibarilə bolluğun yaranmasına və qiymətlərin aşağı düşməsinə səbəb olub. Bununla yanaşı, hava şəraitinin əlverişli keçməsi, məhsuldarlığın yüksək olması, logistika xərclərinin nisbətən sabit qalması və yerli istehsalın artması da qiymətlərin ucuzlaşmasına təsir edən digər amillər kimi göstərilir.

Bəs bu il çiyələyin qiymətinin kəskin ucuzlaşmasının əsas səbəbləri hansılardır?

İqtisadçı Xalid Kərimli Musavat.com-a qeyd edib ki, burada logistika sabitliyi doğru məsələ deyil: “Əksinə, ötən illə müqayisədə daşınma xərcləri daha çox artıb. Yəni ilin əvvəlində benzin və dizel yanacağının qiyməti artdı, bu da daşınma xərclərini yüksəltdi. Deməli, səbəb bu deyil. Səbəb tamamilə doğrudur ki, məhsuldarlıq yüksək olub. Çiyələk isə tez xarab olan məhsuldur”.

Girov varsa, zamindən kredit borcu tələb edilə bilərmi? | KONKRET

Onun sözlərinə görə, məhsuldarlıq yüksək olanda fermerlərin xərcləri nisbətən aşağı düşür: “Məsələn, biri var ki, 100 manat xərcləyib 1000 kq məhsul yığsın, biri də var ki, 100 manat xərcləyib 2000 kq məhsul yığsın. Göründüyü kimi, digər xərclər artsa belə, məhsuldarlığın yüksək olması fermerin kilo başına düşən xərclərini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də məhsuldarlıq, xüsusilə meyvə-tərəvəz sektorunda qiymətlərin formalaşmasında ciddi rol oynayır. Məhsuldarlığın yaxşı olması fermerin 1 kilo məhsul üzrə maya dəyərini aşağı salır. Çünki fermer xərclədiyi pulu günün sonunda yığdığı məhsulun həcminə bölür. O da çalışır ki, qoyduğu vəsaitdən daha çox qazanc əldə etsin”.

İqtisadçının sözlərinə görə, ikinci mühüm amil ixracatdır, qiymətin formalaşmasında rol oynayır: “Fermer qərar verir ki, məhsulu xarici bazara satsın, yoxsa daxili bazara. Məlumdur ki, Azərbaycan məhsulları daha çox Rusiyaya ixrac olunur. Əgər məhsuldarlıq yüksəkdirsə və xaricə satış imkanı varsa, məhsul daxili bazarda süni şəkildə baha saxlanılmır. Əksinə, bazar şərtlərinə uyğun qiymət formalaşır. Bəzən isə xarici bazarlarda yaxşı qiymət təklifi olmadıqda, bütün məhsul məcburən daxili bazara yönəldilir, hətta bəzən maya dəyərinə və ya ondan da aşağı qiymətə satılır. Çünki burada əsas məsələ çiyələyin tez xarab olmasıdır. Bu səbəbdən fermerlər riskləri nəzərə alaraq məhsulu mümkün qədər tez və satışa yararlı şəkildə reallaşdırmağa çalışırlar. Həmçinin son illərdə ölkəmizdə istixanaların sayı artıb, yerli istehsalın həcmi yüksəlib. Nə qədər məhsul istehsal olunsa da, bazarın öz tələbi var və fermerlər məcburdurlar ki, məhsulu əlverişli qiymətlərlə sürətli şəkildə satışa çıxarsınlar”.

“Bu vəziyyət digər məhsullara da şamil edilə bilərmi” sualına gəldikdə, ekspert qeyd edib ki, bunun üçün sabit bir qayda yoxdur: “Bu, konkret məhsulun məhsuldarlığından asılıdır. Bir məhsulda yüksək məhsuldarlıq olması digər məhsullarda da eyni vəziyyətin olacağı demək deyil. Eyni zamanda, ixrac imkanları da burada mühüm rol oynayır. Yəni heç bir zəmanət yoxdur ki, hansı məhsul ucuzdursa, digəri də ucuz olacaq, əksinə, bəzi məhsullar daha baha ola bilər”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də