Azərbaycan Milli Ordusu 44 günlük müharibə zamanı işğal altındakı torpaqların geri qaytarılmasını təmin edib. Bu yolda hərbçilərimiz və mülkü vətəndaşlarımız həm şəhidlik məqamına ucalıb, həm də müxtəlif xəsarətlər alıblar.
RegionTV.info BAKU.WS-ə istinadən xəbər verir ki, azad olunan rayonlarda yaşamaq istəyənlərin sayı çoxdur.
Bu məqsədlə vətəndaşlar tərəfindən redaksiyamıza da çoxsaylı müraciətlər daxil olub.
Mövcud vəziyyətdə vətəndaşlar işğaldan azad olunan rayonlarda yaşamaq üçün hara müraciət etməlidir? Bunu dəqiqləşdirmək məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, vətəndaşların müraciətlərinə Böyük qayıdışla bağlı həyata keçiriləcək tədbirlər çərçivəsində baxılacaq:
"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılmasına imkan yaranıb.
Hazırda işğaldan azad edilmiş ərazilərdə daimi yaşamaq istəyən vətəndaşlardan Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil olur. Onların arasında Ermənistandan qaçqın düşmüş soydaşlarımız da vardır.
Müraciətlərin bir çoxunda Xocavənd rayonunun işğaldan azad edilmiş ərazilərində yaşamaq arzusu ifadə olunur. Vətəndaşların müraciətlərinə Böyük qayıdışla bağlı həyata keçiriləcək tədbirlər çərçivəsində baxılacaqdır".
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunan rayonlarında yaşamaq istəyən vətəndaşlar bunun üçün rəsmi ərizə ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət etməlidir. Bundan əlavə vətəndaşların yaşamaq istədiyi işğaldan azad olunan rayonların İcra Hakimiyyətlərinə də rəsmi müraciət edilməsi gərəkdir.
Xəbəri paylaş