
Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi” nin təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Bildirilib ki, sazişin əsas məqsədi Təmiz Enerji Mərkəzinin funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün zəruri şərait yaratmaqdır. Sənədə əsasən, mərkəzin heyət üzvlərinin fəaliyyətinin asanlaşdırılması, həmçinin ev sahibi ölkə ilə münasibətlərin tənzimlənməsi nəzərdə tutulur.
Qeyd olunub ki, saziş mərkəzin hüquqi statusunu, imtiyaz və immunitetlərini müəyyən edir. Eyni zamanda, mərkəz hüquqi şəxs kimi müxtəlif səlahiyyətlərə malik olacaq, o cümlədən müqavilələr bağlamaq, əmlak əldə etmək və məhkəmələrə müraciət etmək hüququ qazanacaq.
Sazişdə həmçinin mərkəzin yerləşdiyi bina (Bakı şəhəri), onun saxlanması, təhlükəsizlik, kommunal xərclər, fövqəladə hallar zamanı tədbirlər, eləcə də əməkdaşların imtiyaz və yaşayış məsələləri kimi məqamlar da tənzimlənir.


